Dünya çempionatı: İngiltərə və Argentina yarımfinalda!
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Milli.Az xəbər verir ki, son oyun günündə İngiltərə və Argentina yarımfinala vəsiqə qazanan komandalar olublar. Mundialın əsas favoritlərindən sayılan İngiltərə millisi Mayamidə yerləşən "Hard Rok" stadionunda 1/8 finalda Braziliyanı mübarizədən kənarlaşdıran Norveç yığması ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Oyunda hesabı 36-cı dəqiqədə Andreas Şelderup açıb. İlk hissəyə əlavə olunmuş ikinci dəqiqədə Cud Bellinqem tarazlığı bərpa edib. Əlavə vaxtın 93-cü dəqiqəsində ikinci dəfə fərqlənən Bellingem İngiltərəyə 2:1 hesablı qələbə qazandıraraq komandasını yarımfinala daşıyıb. Günün digər 1/4 final görüşündə isə Argentina və İsveçrə yığmaları "Kanzas Siti" stadionunda üz-üzə gəliblər. Qarşılaşmada hesabı 10-cu dəqiqədə Aleksis Makallister açsa da, Dan Ndoye 67-ci dəqiqədə bərabərlik qolunu vuraraq oyunu əlavə vaxta daşıyıb. Əlavə vaxtda üstün oyun nümayiş etdirən Cənubi Amerika təmsilçisi qələbəni əldən verməyib. Julian Alvarez 112-ci dəqiqədə Argentinanı yenidən hesabda önə çıxarıb, 120+1-ci dəqiqədə isə Lautaro Martines üçüncü qolu vuraraq komandasının 3:1 hesablı qələbəsini rəsmiləşdirib. Beləliklə, yarımfinal mərhələsində İngiltərə və Argentina komandaları bir-birinə rəqib olacaqlar. Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı iyulun 19-da başa çatacaq. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin