Könüllülər və şagirdlər üçün sığorta ödənişi qaydaları yenilənir
Könüllülər, eləcə də istehsalat təcrübəsində olan tələbə və şagirdlər üçün sığorta haqqının ödənilməsi mexanizmi müəyyənləşdirilir. Milli.Az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, könüllü fəaliyyət iştirakçıları da istehsalatda baş verən bədbəxt hadisələrdən icbari sığortalanır. Lakin həmin şəxslər üzrə sığorta haqqının ödənilməsi qaydası müəyyən edilməyib. Təklif olunan dəyişikliklərə əsasən, könüllülərə münasibətdə sığorta haqqı onlarla bağlanmış müqavilənin qüvvəyə mindiyi tarixdən, istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlərə münasibətdə isə təcrübənin başladığı gündən etibarən 15 iş günü ərzində ödəniləcək. Qanun layihəsi Milli Məclisdə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin