“Yaxşı ki, başımda şlyapa var idi...” — Video

“Dünən 85 saylı avtobusda bax, düz bu sınan şüşənin altında mən əyləşmişdim. 67 saylı avtobusun qabağında saxlayıb camaatı düşürən avtobus yenə də sərnişinlərin həyatını təhlükəyə atdı”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Əməkdar artist Elman Rəfiyev sosial şəbəkə hesabında paylaşım edib. O, daha əvvəl də oxşar hadisənin baş verdiyini xatırladıb və dayanacaqdan kənarda saxlayan avtobuslardan sərnişin düşürülməsinin təhlükəli olduğunu vurğulayıb: “Bu yaxınlarda dayanacaqdan bir az aralı saxlayan avtobusdan düşən yaşlı xanım dayanacağa sürətlə girən avtobusun altında qalaraq həyatını itirmişdi. Eyni hal burada da idi. İki avtobusdan birinin digərini gözləmədən irəli sürməsi onun güzgüsünün mənim oturduğum avtobusun arxa yan şüşəsinə sıxılmasına səbəb oldu. Şüşə çilik-çilik oldu, mənim və yanımda oturanların başına və üstünə töküldü. Yaxşı ki, başımda şlyapa var idi. Yoxsa daha pis nəticə ola bilərdi. Bu sürücüləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi haradan tapır? Niyə sərnişinlərin həyatını təhlükəyə atırlar? Bu hala görə zərər çəkənlərə təzminat ödənilməlidir”. Hadisə ilə bağlı daşıyıcı şirkətdən sorğumuza belə cavab verildi: “İyulun 13-də Nəsimi rayonu Asif Məhərrəmov küçəsində 67 saylı marşrut xəttinə məxsus avtobusun güzgüsü 85 saylı xəttin avtobusun arxa şüşəsinə toxunub. Nəticədə şüşə sınıb. Sərnişinlər arasında xəsarət alan olmayıb. Hadisə ilə bağlı aidiyyəti üzrə araşdırma aparılır”. Lamiyə Məmmədova