Taleh Yüzbəyov: "Mənə üzr istədə bilməzsiniz!"

Qalmaqallı dondurma reklamı ətrafında müzakirələr davam edir. Xatırladaq ki, kəskin etirazlar və boykot çağırışlarından sonra şirkət sözügedən reklam çarxını sosial şəbəkələrdən silmişdi. Milli.Az musavat.com-a istinadən bildirir ki, reklam çarxında rol alan aktyor Taleh Yüzbəyov isə reklam hissəsini çıxararaq videonu prinsip məsələsi kimi öz səhifəsində saxlayacağını bildirib. Aktyor yaydığı videomüraciətdə tənqidlərin sonradan təhqirə çevrildiyini, hətta ailə üzvlərinin də hədəfə alındığını deyib: "Videoya kifayət qədər müxtəlif reaksiyalar gəldi. Təriflər qədər tənqidlər də oldu. Tənqid elədiniz, yaxşı eləyirsiniz. Sonra təhqirə keçdiniz. Ürəyiniz soyumadı, inboxuma, direct-ə yazdınız. Orda da ürəyiniz soyumadı, keçdiniz həyat yoldaşıma yazdınız. Özgə vaxtı biz "arvad" sözünü işlədəndə az qalırsınız gözümüzü çıxarasınız. Amma mesajlarınızın çoxunda "arvadın..." ifadəsini işlədirdiniz. Rahat olun, estetiki yoxdur. Müəyyən prosedurları var, adını bilməliyəm. Amma lap elə olsaydı da, bu o demək deyil ki, mən bu barədə video çəkməməliydim. Sadəcə, mən özüm bu prosedurların yaxşı olmadığını düşünürəm. Mübarizəni də aparanda mərdcəsinə aparmaq lazımdır. Amma sizin aranızda elələri oldu ki, ən dibi, ən murdar hərəkət etdi. 11-12 yaşlı qızımın şəklini həyat yoldaşıma göndərib "Qızının da qulaqları şəhpədir, onu da yəqin estetik etdirərsiniz" yazmaq çox alçaq hərəkətdir. Mübarizəni bu qədər cılızlaşdırmaq, bu qədər aşağı səviyyəyə salmaq doğru deyil". Taleh Yüzbəyov reklam çarxının mahiyyətinin düzgün başa düşülmədiyini də iddia edib: "Biz orada iki ayrı gözəlliyi - təbii və qeyri-təbii gözəlliyi müqayisə etmişik. Əgər mən desəydim ki, təbii daha yaxşıdır, onda mübahisə etməyə yer olardı. Şirkət artan təzyiqlər və şikayətlər səbəbindən videonu silmək qərarı verdi Hətta Google-da şirkətin reytinqini doqquzdan birə qədər salmısınız. Mən öz tamaşaçılarımdan xahiş edirəm ki, bunu qaldırsınlar. Çünki doğrudan da günah olar, dadlı dondurmaları və şirniyyatları var. Şirkətin mövqeyi bəllidir, onların öhdəlikləri mənimkindən fərqlidir. Videonu sildilər, açıqlama yaydılar və bir çox izləyici xanımlar da bunu qəbul etdilər. Mən buna yalnız sevinə bilərəm". Bununla belə, Taleh Yüzbəyov bildirib ki, şirkətin qərarı onun şəxsi mövqeyini dəyişmir: "Şirkətlə baxışlarımız üst-üstə düşməyə bilər. Mən sadəcə reklam hissəsini çıxarıb öz səhifəmdə paylaşacağam. Bu, artıq mənim üçün prinsip məsələsidir. "Bu video xoşumuza gəlmir, silinməlidir, üzr istənilməlidir!" deyə siz mənə diktə edə bilməzsiniz. Siz mənim nəyi siləcəyimə, nəyi saxlayacağıma qərar verən adamlar deyilsiniz. Ona görə də video səhifəmdə qalacaq. Kim bəyənmirsə, baxmasın, məni blok etsin. Amma heç kim mənə diktə etməsin ki, üzr istəməlisən və ya videonu silməlisən. Diktələrinizi özünüzə saxlayın. Siz öz bildiyinizi edin, mən də öz bildiyimi edəcəyəm". Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)