“Bir Pəncərə” Rəqəmsal Logistika Platformasının rəsmi təqdimatı keçirildi — Fotolar
Xarici ticarət əməliyyatları üzrə məlumatları, xidmətləri və prosesləri vahid rəqəmsal ekosistemdə birləşdirən “Bir Pəncərə” İnformasiya Sistemi-Rəqəmsal Logistika Platformasının rəsmi təqdimatı olub. “Qafqazinfo” xəbər verir ki, tədbirdə dövlət qurumlarının rəhbərləri və nümayəndələri, biznes sektorunun təmsilçiləri və media nümayəndələri iştirak ediblər. Platforma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2025-ci il tarixli 547 nömrəli Fərmanına uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılıb. Sistem idxal, ixrac, tranzit və nəqliyyat əməliyyatları üzrə məlumatları, xidmətləri və sənəd dövriyyəsini inteqrasiya edərək xarici iqtisadi fəaliyyət iştirakçılarına proseslərə daha sadə, şəffaf və izlənilə bilən çıxış imkanı yaradır. Bu yanaşma sahibkarlar üçün inzibati yükün azaldılmasına, dövlət xidmətlərinə çıxışın sadələşdirilməsinə və xarici ticarət proseslərinin daha səmərəli təşkilinə xidmət edir. Uzunmüddətli perspektivdə isə daha çevik və dayanıqlı xarici ticarət ekosistemi biznes mühitinin rəqabət qabiliyyətinin yüksəldilməsinə, ticarət proseslərinin optimallaşdırılmasına, ölkənin iqtisadi inkişaf məqsədlərinin dəstəklənməsinə və vətəndaşların istifadə etdiyi məhsul və xidmətlərin təchizat zəncirinin daha dayanıqlı təşkilinə töhfə verir. Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış ediblər. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxışında bildirib: “Bir Pəncərə” İnformasiya Sistemi Azərbaycanın xarici ticarət və logistika sahəsində uzunmüddətli rəqəmsal transformasiyasını dəstəkləyən milli infrastruktur təşəbbüsüdür. Dünyada bu modelin tətbiq olunduğu ölkələrin sayı məhduddur və Azərbaycan da dövlət-biznes əməkdaşlığı əsasında vahid rəqəmsal ekosistem formalaşdırmaqla beynəlxalq ticarətdə etibarlı və müasir logistika qovşağı kimi mövqeyini gücləndirir”. Çıxışlarda layihənin ölkənin rəqəmsal transformasiya gündəliyindəki rolu, dövlət və biznes arasında əməkdaşlığın gücləndirilməsinə verəcəyi töhfə və gələcək inkişaf istiqamətləri vurğulanıb. Platformanın layihə rəhbəri Ehtiram Quliyev iştirakçılara sistemin əsas funksionallıqlarını təqdim edib. O, platformanın dörd əsas alt sistemdən ibarət olduğunu qeyd edərək, onların idxalatçılar, ixracatçılar, daşıyıcılar, ekspeditorlar, logistika şirkətləri və digər maraqlı tərəflər üçün yaratdığı praktiki imkanlar barədə məlumat verib. Tədbirdə iştirak edən bəzi biznes subyektləri platformadan əldə etdikləri ilkin istifadə təcrübəsini bölüşərək proseslərin daha operativ təşkili və xidmətlərə çıxışın sadələşdirilməsi baxımından müşahidə etdikləri müsbət nəticələri qeyd ediblər. İştirakçılar sistemin canlı nümayişini izləyib, açıq sual-cavab sessiyasında onları maraqlandıran məsələlərə aydınlıq gətirilib. “Bir Pəncərə” İnformasiya Sistemi uzunmüddətli inkişaf üçün nəzərdə tutulmuş milli rəqəmsal platformadır. Gələcək mərhələlərdə yeni dövlət xidmətlərinin, əlavə inteqrasiyaların və beynəlxalq əməkdaşlıq imkanlarının platformaya daxil edilməsi nəzərdə tutulur.

Şərh verin