Ağdamda Yaqub Rzayevin anım günü qeyd edildi

Ağdam Muğam Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayevin atası, “Qarabağ şahinləri” batalyonunun komandiri, qəhrəman döyüşçü Yaqub Rzayevin anım günü qeyd edilib. “Qafqazinfo” xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatı Elman Məmmədov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Yaqub Rzayevin ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları “Şəhidlər” Abidə Kompleksinin önünə gül dəstələri düzərək şəhidlərin ruhuna ehtiramlarını ifadə ediblər. Ağdam Muğam Mərkəzində davam edən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Yaqub Rzayevin keçdiyi döyüş yolundan bəhs edən sənədli film nümayiş etdirilib. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digərləri Yaqub Rzayevin həyat yolundan, vətən uğrunda göstərdiyi qəhrəmanlıqlardan və Qarabağ döyüşlərindəki igidliyindən bəhs etmişlər. Onlar onun “Qarabağ şahinləri” dəstəsini yaradaraq Ağdamın müdafiəsində mühüm rol oynadığını, xalq arasında böyük nüfuz qazandığını deyiblər. Həmçinin Yaqub Rzayevin oğlu, Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayevin şəhidlik yolundan, onun Vətən qarşısındakı xidmətlərindən danışıblar.