“AZSET-in hədəfi gələcəyin texnologiya liderlərini yetişdirməkdir”
Azərbaycanın mühəndislik təhsilində yeni mərhələ hesab olunan “AZCON” Mühəndislik və Texnologiya Məktəbi – AZSET qısa müddətdə həm tələbələrin, həm də sənaye nümayəndələrinin diqqətini cəlb edib. Bu innovativ bakalavr proqramı beynəlxalq standartlara uyğun mühəndis hazırlığını hədəfləyir. “Qafqazinfo” AZSET-in yaranma məqsədi, fərqləndirici xüsusiyyətləri, tələbələrə təqdim etdiyi imkanlar və gələcək hədəfləri barədə proqramın baş məsləhətçisi Lətifə Nəsibovanın müsahibəsini təqdim edir: -Lətifə xanım, AZSET necə yarandı və əsas məqsədi nədir? - Bu gün bütün dünyada texnoloji inkişafın əsas hərəkətverici qüvvəsi insan kapitalıdır. Süni intellekt, proqram təminatı, data analitikası, kibertəhlükəsizlik və ümumilikdə texnologiyalar sahələrində baş verən sürətli dəyişikliklər ali təhsil sistemindən də yeni yanaşmalar tələb edir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 -2028-ci illər üçün Fəaliyyət Planı”nda da bu istiqamətlərdə yüksəkixtisaslı insan kapitalının hazırlanması dövlətin əsas prioritetləri kimi müəyyən olunub. AZCON Mühəndislik və Texnologiya Məktəbi – AZSET məhz bu ehtiyacdan irəli gələrək yaranıb. Proqram “AZCON Holding” və Azərbaycan Texniki Universitetinin əməkdaşlığı, Almaniyanın Münhen Texniki Universitetinin (TUM) akademik dəstəyi ilə həyata keçirilir. Məqsədimiz yalnız nəzəri biliklərə malik məzunlar hazırlamaq deyil. Biz sənayenin ehtiyaclarını anlayan, müasir texnologiyalarla işləməyi bacaran, analitik düşüncə tərzinə sahib, qlobal əmək bazarında rəqabət apara biləcək yeni nəsil mühəndislər yetişdirməyi hədəfləyirik. -AZSET-i digər bakalavr proqramlarından fərqləndirən əsas üstünlüklər hansılardır? - AZSET-in əsas üstünlüyü onun beynəlxalq standartlara əsaslanan, sənaye ilə sıx inteqrasiya olunmuş təhsil modeli olmasıdır. Proqramın akademik məzmunu dünyanın mühəndislik sahəsində ən yaxşı 20 ali təhsil müəssisəsi sırasında yer alan Münhen Texniki Universitetinin dəstəyi ilə hazırlanıb. “TUM” professorları mütəmadi olaraq tədris prosesində iştirak etməklə yanaşı, müəllimlər üçün təlimlər keçəcəklər. AZSET klassik təhsil modelindən fərqli olaraq akademik bilikləri praktiki tətbiqlə birləşdirir. Hesab edirik ki, müasir mühəndis yalnız auditoriyada formalaşmır. Ona görə də tədris prosesində sənaye nümayəndələrinin iştirakı, praktiki tapşırıqlar, layihə işi və innovativ yanaşmalar xüsusi yer tutacaq. Tələbələr “AZCON Holding”in tərkibində fəaliyyət göstərən şirkətlərdə təcrübə keçə və real layihələrdə iştirak edə biləcəklər. Hər bir tələbənin öz mentorunun olması nəzərdə tutulur. Bu model tələbələrin məzun olduqdan sonra əmək bazarına daha hazırlıqlı daxil olmasına imkan yaradacaq. Digər mühüm üstünlük proqramın tam ödənişsiz və ingilis dilində olmasıdır. Həmçinin fərqlənən tələbələr Almaniyada təşkil olunan yay məktəbində iştirak imkanı əldə edəcəklər.Tələbələr məzun olduqda Azərbaycan Texniki Universitetinin bakalavr diplomu ilə yanaşı, “TUM International GmbH” tərəfindən təqdim olunan sertifikat da əldə edəcəklər. Bu isə onların beynəlxalq akademik və peşəkar mühitdə rəqabət qabiliyyətini artıracaq. - AZSET-də təhsil tələbələrə gələcək karyera baxımından hansı üstünlükləri qazandıracaq? -Müasir əmək bazarında işəgötürənlər artıq yalnız diplomu deyil, real bacarıqları qiymətləndirirlər. Bu gün texnologiya şirkətləri proqramlaşdırma bilikləri ilə yanaşı, analitik düşüncə, komanda işi, layihələrin idarə olunması, ingilis dili və beynəlxalq mühitdə işləmək bacarığı olan mütəxəssislərə üstünlük verirlər. AZSET proqramı da məhz bu tələblər nəzərə alınaraq hazırlanıb. Qeyd etdiyim kimi, tələbələr təhsil müddətində real layihələr üzərində işləyəcək, sənaye mütəxəssisləri ilə əməkdaşlıq edəcək və gələcək peşə fəaliyyətlərində istifadə edəcəkləri praktiki bacarıqları hələ universitet illərində əldə edəcəklər. Bundan əlavə, “AZCON Holding”in geniş ekosistemi tələbələrə təcrübə proqramlarında iştirak etmək, müxtəlif texnologiya layihələrində çalışmaq və gələcək məşğulluq imkanlarını artırmaq baxımından mühüm üstünlüklər təqdim edir. Məqsədimiz məzunlarımızın yalnız Azərbaycanda deyil, beynəlxalq əmək bazarında da uğurla fəaliyyət göstərə bilmələridir. - Hazırda kimlər AZSET-ə müraciət edə bilər və qəbul prosesi necə həyata keçirilir? -Azərbaycanın ali təhsil müəssisələrində əyani formada təhsil alan, texniki və ya təbiət elmləri istiqamətləri üzrə birinci kursu bitirən tələbələr azsetedu.az saytı vasitəsilə müraciət edə bilərlər. İmtahan əsasında qəbul olunan tələbələr təhsillərini ikinci kursdan etibarən AZSET-də davam etdirəcəklər. Namizədlərdən yüksək akademik göstəricilər və minimum B2 səviyyəsində ingilis dili biliyi tələb olunur. Qəbul prosesi ilkin uyğunluğun qiymətləndirilməsi, daxili imtahan və müsahibə mərhələlərindən ibarətdir. Hazırda qəbul kompüter elmləri ixtisası üzrə həyata keçirilir. Bu istiqamətin seçilməsi təsadüfi deyil. Rəqəmsal iqtisadiyyatın inkişafı, süni intellekt, proqram təminatı, data analitikası və kibertəhlükəsizlik kimi prioritet sahələr məhz kompüter elmləri üzrə peşəkar mütəxəssislərə artan tələbat yaradır. - Qeydiyyatla bağlı son vəziyyət necədir və namizədlərə nə demək istəyərdiniz? -AZSET proqramına göstərilən maraq bizi çox sevindirir. Qısa müddət ərzində müxtəlif ali təhsil müəssisələrinin tələbələrindən çoxsaylı müraciətlər daxil olub. Namizədlərin müraciətlərini tamamlaya bilmələri üçün qeydiyyat müddətini 20 iyul tarixinədək uzatmışıq. Texnologiya sahəsində beynəlxalq standartlara uyğun, tam ödənişsiz təhsil almaq, Münhen Texniki Universitetinin akademik dəstəyi ilə hazırlanmış proqram üzrə oxumaq, “AZCON Holding” ekosistemində praktiki təcrübə qazanmaq və gələcəyini mühəndislik sahəsində qurmaq istəyən gəncləri bu imkandan yararlanmağa dəvət edirik. İnanırıq ki, proqramın məzunları yüksəkixtisaslı mühəndislər kimi formalaşacaq, ölkənin rəqəmsal inkişafına töhfə verəcək və əmək bazarında uğurla fəaliyyət göstərəcəklər.

Şərh verin