Əhalinin siyahıyaalınmasına dair iclas keçirilib — Fotolar-Yenilənib
“Əhalinin siyahıyaalınması əhali haqqında ən dolğun məlumat mənbəyi olmaqla ölkədə demoqrafik proseslərin öyrənilməsində, qiymətləndirilməsində və gələcək sosial-iqtisadi inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır”. “Qafqazinfo” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov iyulun 17-də Nazirlər Kabinetində əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclasda çıxışı zamanı deyib. Baş nazir qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının “Əhalinin və mənzil fondunun 2030-cu il siyahıyaalınmasının Ümumdünya Proqramı”na dair Qətnaməsinə əsasən üzv dövlətlər 10 ildə bir dəfədən az olmayaraq əhalinin siyahıyaalınmasını keçirməlidirlər. Siyahıyaalma zamanı beynəlxalq standart kimi BMT-nin “Əhalinin və mənzil fondunun siyahıyaalınmasına dair prinsip və tövsiyələri” rəhbər tutulmalıdır. Göstərilən tələblər nəzərə alınmaqla Azərbaycanda müstəqilliyin bərpasından sonra əhalinin siyahıyaalınması 1999, 2009 və 2019-cu illərdə keçirilib. “Lakin, məlum olduğu kimi, müstəqillik dövründə aparılan siyahıyaalınmalar zamanı ölkə ərazisinin 20 faizinin işğal altında olması və həmin bölgələrin sakinlərinin öz doğma yurdlarından məcburi köçkün düşməsi səbəbindən bu mühüm dövlət tədbirinin orada keçirilməsi mümkün olmayıb. Bu baxımdan 2030-cu il mərhələsində keçiriləcək əhalinin növbəti siyahıyaalınması xüsusi tarixi əhəmiyyət kəsb edəcək. Çünki bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər və ölkəmizin suverenliyinin tam bərpa olunması nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisini tam şəkildə əhatə edəcək ümumrespublika əhalinin siyahıyaalınması olacaq”, - Əli Əsədov qeyd edib. *** İyulun 17-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş geniş iclas keçirilib. İclasda Prezident İlham Əliyevin “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2026-cı il 7 iyul tarixli Fərmanından irəli gələn vəzifələrin icrası, əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub. Baş nazir Ə.Əsədov əhali haqqında ən dolğun məlumat mənbəyi olan siyahıyaalmanın demoqrafik proseslərin obyektiv qiymətləndirilməsi və ölkənin sosial-iqtisadi inkişafının planlaşdırılması baxımından önəmini vurğulayıb. Qeyd edilib ki, 2029-cu ildə keçiriləcək əhalinin növbəti siyahıyaalınması xüsusi tarixi əhəmiyyət kəsb edəcək. “Çünki bu, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər və ölkəmizin suverenliyinin tam bərpa olunması nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisini tam şəkildə əhatə edəcək ümumrespublika əhalinin siyahıyaalınması olacaqdır”, - Ə.Əsədov əlavə edib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən müvafiq Tədbirlər planı təsdiq ediləcək, əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Baş nazirin müavininin rəhbərliyi ilə Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaqdır. Birləşmiş Millətlər Təşkilatının müvafiq tələb və tövsiyələrinə, həmçinin milli prioritetlərə əsaslanaraq təşkil ediləcək əhalinin siyahıyaalınmasının ilk dəfə rəqəmsal texnologiyalar, inzibati və geoməkan məlumatlarından istifadə edilməklə keçirilməsinin nəzərdə tutulduğu vurğulanıb. Daha sonra Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov əhalinin siyahıyaalınmasına hazırlıq məqsədilə görüləcək işlər barədə məruzə ilə çıxış edib. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarında və sistemlərində olan müvafiq məlumatların Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiyası istiqamətində görüləcək işlər barədə məruzə edib. İclasa yekun vuran Baş nazir Ə.Əsədov aidiyyəti dövlət qurumlarına Prezidentin Fərmanından irəli gələn tapşırıqların, o cümlədən əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə zəruri tədbirlərin vaxtında, keyfiyyətlə və mütəşəkkil yerinə yetirilməsi barədə müvafiq tapşırıqlar verib.

Şərh verin