Vüqar Əhmədov Xankəndidə vətəndaşları qəbul etdi — Foto

Vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərişıq” ASC regionlarda yerli sakinlərlə mütəmadi olaraq görüşlər təşkil edir. “Qafqazinfo” xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov iyulun 20-də Xankəndi Elektrik Şəbəkəsinin inzibati binasında Xankəndi, Şuşa, Xocalı və Ağdərədə yaşayan vətəndaşlarla görüşüb. Görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Adı çəkilən şəhər və rayonların sakinləri regionların elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma işləri barədə məmnunluqlarını ifadə edib, vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. “Azərişıq” ASC-nin həyata keçirdiyi yenidənqurma və maarifləndirmə tədbirləri kimi regionlarda vətəndaşlarla təşkil olunan görüşlər də abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.