İspaniya millisi qələbədən nə qədər qazanıb?

İspaniya millisinin Dünya Kubokundakı qələbəsi ölkəyə yalnız idman uğuru deyil, həm də iqtisadi dividendlər vəd edir. Milli.Az xəbər verir ki, finalda Argentinanı məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olan İspaniya Futbol Federasiyası FIFA-dan rekord məbləğdə mükafat əldə edib. Məlumata görə, federasiyaya 50 milyon dollar (təxminən 43,7 milyon avro) mükafat ödəniləcək. Bu vəsait 48 komandalı Dünya Kuboku üçün nəzərdə tutulan 655 milyon dollarlıq mükafat fondunun bir hissəsidir. Qeyd olunur ki, əldə olunan gəlirin bir hissəsi futbolçular və məşqçi heyəti arasında bölüşdürüləcək, digər hissəsi isə futbolun inkişafına və təşkilati xərclərə yönəldiləcək. İqtisadçıların hesablamalarına əsasən, dünya çempionluğu İspaniya iqtisadiyyatına qısamüddətli müsbət təsir göstərə bilər. Aberdin Universitetinin araşdırmasına görə, dünya çempionu olan ölkələrin ÜDM-i finaldan sonrakı iki rübdə orta hesabla 0,48 faiz artır. "Freedom24 Iberia" şirkətinin hesablamalarına əsasən, bu göstərici İspaniyanın 1,69 trilyon avroluq iqtisadiyyatında təxminən 4 milyard avroluq əlavə gəlir yarada bilər. Mütəxəssislər bildirirlər ki, bu artım təkcə qələbə sevincindən qaynaqlanmır. Dünya çempionluğu ölkənin beynəlxalq tanıtımını gücləndirir, məhsul və xidmətlərin ixracına müsbət təsir göstərərək artımı sürətləndirə bilər. Dünya Kuboku zamanı İspaniyada xidmət sektorunda da canlanma müşahidə olunub. "Square" platformasının məlumatına görə, milli komandanın oyunları keçirilən günlərdə bar və restoranlarda əməliyyatların həcmi 36 faiz, Sevilyada isə 66 faiz artıb. Madrid küçələrində təşkil olunan çempionluq paradına bir milyondan çox azarkeşin qatılması da iqtisadi fəallığa təsir edib. Bununla belə, ekspertlər vurğulayırlar ki, dünya çempionluğu ölkənin bütün iqtisadi problemlərini həll edə biləcək amil deyil. Belə ki, İspaniyanın 2010-cu ildə qazandığı mundial qələbəsi də həmin dövrdə ölkədəki yüksək işsizlik və iqtisadi çətinlikləri aradan qaldırmamışdı. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)