ABŞ İranla müharibədə neçə milyard xərcləyib?

ABŞ müdafiə naziri Pit Heqset İrana qarşı aparılan hərbi əməliyyatların indiyədək ölkəyə 37,5 milyard dollara başa gəldiyini açıqlayıb. Milli.Az xəbər verir ki, Nazir bu barədə Senatda keçirilən dinləmələr zamanı çıxış edərək Müdafiə Nazirliyi üçün əlavə büdcə ayrılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, mövcud təhlükəsizlik şəraiti ordunun təxirəsalınmaz ehtiyaclarının qarşılanmasını zəruri edir. Pit Heqset bildirib ki, ABŞ hazırda sürətli qərarlar tələb edən mürəkkəb təhlükəsizlik mühitində fəaliyyət göstərir. Bu səbəbdən əlavə maliyyələşdirmə sursat və hərbi texnika ehtiyatlarının yenilənməsi, eləcə də strateji əməliyyatların fasiləsiz davam etdirilməsi üçün böyük əhəmiyyət daşıyır. Müdafiə naziri, həmçinin qeyd edib ki, ABŞ süni intellekt, yüksək hesablama gücü, muxtar sistemlər, kosmik texnologiyalar və digər strateji istiqamətlərə vaxtında investisiya yatırmasa, rəqibləri ilə rəqabətdə geri qala bilər. Heqsetin sözlərinə görə, əlavə vəsait ayrılmaması həm ordunun döyüş qabiliyyətinə, həm də gələcək hərbi hazırlıq səviyyəsinə mənfi təsir göstərə bilər. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)