“Bibi Heybət”in imamının diplomu tanınmadı
Qafqaz Müsəlmanları İdarəsinin qazisi, "Bibi Heybət" məscid-ziyarətgah kompleksinin rəhbəri və imamı Hacı Mir Rahib Babayevin diplomu tanınmayıb. Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, buna səbəb Rahib Babayevin 1992-1997-ci illərdə təhsil aldığı Bakı İslam İnstitutunun lisenziyasız fəaliyyət göstərməsi olub. Axund məhkəmədə Elm və Təhsil Nazirliyinə qarşı iddia qaldırıb. İddiada qeyd edib ki, lisenziyanın alınmadığı 2009-cu ildən əvvəlki dövrdə Bakı İslam İnstitutunun (BİU) - ləğv edilmiş Bakı İslam Universitetinin və hazırkı Azərbaycan İlahiyyat İnstitutunun - fəaliyyəti qanunsuz kimi qiymətləndirilə bilməz. Nazirlikdən isə bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən, Rahib Babayevin diplomunun tanınması yalnız dövlət qeydiyyatına alınmaqla kifayətlənmir və digər tələblərə də əməl edilməlidir. Belə ki, BİU tərəfindən tələbə qəbulunun daxili müsabiqə əsasında təşkil edilməsi, tədris olunan ixtisasların Nazirlər Kabineti tərəfindən təsdiqlənməməsi, qəbul planının Nazirlər Kabineti tərəfindən təsdiq edilməməsi, tədris proqramının Təhsil Nazirliyi tərəfindən təsdiqlənməməsi, buraxılış attestasiya komissiyalarının sədrlərinin Təhsil Nazirliyi tərəfindən təsdiq edilməməsi, diplom blankları nümunələrinin universitet tərəfindən təsdiqlənməsi, universitetin 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərməsi, qanunsuz olaraq regionlarda şöbələrinin yaradılması və bu günədək akkreditasiyadan keçməməsi onun verdiyi təhsil sənədinin hüquqi əsasının olmadığını göstərir. Məhkəmə Rahib Babayevin iddiasını təmin etməyib. Onun "dövlət nümunəli diplom blankının inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsə göndərilməsi" barədə tələbi də təmin olunmayıb. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin