Hitlerin doğulduğu ev polis bölməsi oldu — Foto
Avstriyada nasist lider Adolf Hitlerin doğulduğu ev uzun illər davam edən müzakirələrdən sonra rəsmi olaraq polis bölməsi kimi fəaliyyətə başlayıb. “Qafqazinfo” xəbər verir ki, hökumət bu addımla binanın neonasist qruplar üçün simvola və ziyarət məkanına çevrilməsinin qarşısını almağı hədəfləyir. Uzun müddət özəl mülkiyyətdə olan bina əvvəllər əlillərə xidmət göstərən xeyriyyə təşkilatı tərəfindən istifadə edilirdi. Avstriya hökuməti 2017-ci ildə tikilini dövlət mülkiyyətinə keçirib, 2019-cu ildə isə onun polis bölməsinə çevriləcəyini açıqlayıb. Yenidənqurma işlərindən sonra binanın ağ rəngli fasadına yalnız “Polis” yazısı əlavə edilib. Tikilinin qarşısında isə Mauthauzen həbs düşərgəsindən gətirilmiş və üzərində “Faşizm bir daha heç vaxt” sözləri yazılmış xatirə daşı saxlanılıb. Abidədə Hitlerin adı qeyd olunmur. Avstriya Daxili İşlər Nazirliyinin Tarix Departamentinin rəhbəri Stefan Mlçox bildirib ki, əsas məqsəd binanın Adolf Hitlerlə əlaqələndirilməsinin qarşısını almaq və onun ətrafında formalaşmış simvolik mənanı aradan qaldırmaqdır. “Məqsədimiz bu məkanın Hitlerlə identifikasiyasını zəiflətmək və onun ətrafındakı mistik təsəvvürü dağıtmaq idi”, – deyə o vurğulayıb. Qeyd edilib ki, Hitler 1889-cu ildə burada doğulduqdan sonra həmin evdə cəmi bir neçə həftə yaşayıb. Nasist hakimiyyəti dövründə “fürerin doğulduğu yer” kimi təqdim olunan bina Hitler ətrafında formalaşdırılan şəxsiyyət kultunun bir hissəsi olaraq incəsənət muzeyinə çevrilmişdi. Hazırda turistlər tez-tez binanın qarşısında şəkil çəkdirsələr də, yerli hakimiyyət orqanları neonasist qrupların bu əraziyə səfərlərinin əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə azaldığını bildirir. Qeyd edək ki, Avstriyada nasist salamı vermək və nasist simvollarından istifadə qanunla qadağandır.

Şərh verin