Trampdan İrana sərt xəbərdarlıq: Husilərin hücumuna görə cavab verəcəksiniz

ABŞ Prezidenti Donald Tramp husilərin yenidən dənizdə hücumlara başlaması ilə bağlı İrana sərt xəbərdarlıq edib. Milli.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib. O bildirib ki, husilər yenidən gəmilərə hücum edərsə, buna görə məsuliyyət İranın üzərinə düşəcək. Trampın sözlərinə görə, ABŞ ötən il husilərin ticarət gəmilərinə hücumlarına cavab olaraq onlara ağır zərbələr endirib və bundan sonra qruplaşma müəyyən müddət daha təmkinli davranıb. Lakin o, ötən gecə iki Səudiyyə Ərəbistanı gəmisinin atəşə tutulmasını narahatlıq doğuran hadisə kimi qiymətləndirib. ABŞ Prezidenti vurğulayıb ki, husilər bu addımları təkrarlayacağı təqdirdə həm qruplaşmaya, həm də onu dəstəkləyən İrana qarşı ciddi hərbi tədbirlər görüləcək. Tramp əlavə edib ki, husilərin yenidən bu cür hücumlara qayıtması məyusedicidir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)