Türkiyədə bələdiyyə sədri və həyat yoldaşı həbs edildi - (Foto)

Türkiyədə İzmit bələdiyyəsində korrupsiya iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində bələdiyyə sədri Fatma Kaplan Hürriyyet və həyat yoldaşı Murat Hürriyyet barəsində həbs qərarı verilib. Milli.Az xəbər verir ki, İstintaq zamanı keçirilən əməliyyat nəticəsində ümumilikdə 30 nəfər saxlanılıb. Məhkəmənin qərarı ilə onlardan 20-si həbs edilərək istintaq təcridxanasına göndərilib, digər 10 nəfər isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Araşdırma zamanı bələdiyyənin keçirdiyi bəzi tenderlərdə qalib gələn şirkətlərlə tender iştirakçılarının bələdiyyə rəhbərliyi ilə qohumluq əlaqələrinin olduğu müəyyən edilib. Həmçinin bələdiyyə ilə əməkdaşlıq edən şirkətlərdən müxtəlif ödənişlərin "komissiya" adı altında alındığı iddia olunur. Prokurorluq bələdiyyə sədri və digər şübhəliləri cinayətkar qrup yaratmaq, rüşvət almaq və dövlət satınalmalarına qanunsuz müdaxilə etməkdə ittiham edir. İstintaq davam etdirilir. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)