Şakira həmin uşaqlarla səmimi görüntülərini paylaşdı — Video

Dünyaşöhrətli müğənni Şakira instagram hesabında Uqandadan olan “Ghetto Kids” rəqs qrupunun üzvləri ilə görüşündən video paylaşıb. “Qafqazinfo”nun xəbərinə görə, müğənni bildirib ki, uşaqların enerjisi, sevgisi və istedadı ona böyük ilham verib “Onlar bizə sevinc və sevgilərini bəxş etdilər. İstedadları ilə xatırlatdılar ki, dünyada onlar kimi unudulmuş, kəşf olunmağı və öz potensialını göstərmək üçün bir fürsət gözləyən çoxlu uşaq var”, - o yazıb. Şakira paylaşımında hökumətlərə, iş adamlarına və mütəxəssislərə də çağırış edərək uşaqlara investisiya qoymağın vacibliyini vurğulayıb: “Hökumətlərimiz, iş adamlarımız və mütəxəssislərimiz üçün uşaqlara investisiya qoymaqdan daha təcili nə ola bilər? Dünyadakı bütün uşaqların bərabər imkanlar əldə etməsi üçün nə baş verməlidir?” Müğənni sözlərini uşaqlara təşəkkür etməklə tamamlayıb: “Bu sualları bizə düşündürdükləri və həyatımızı öz sehrləri ilə dəyişdirdikləri üçün “Ghetto Kids”ə təşəkkür edirəm”. Qeyd edək ki, Uqandanın paytaxtı Kampala şəhərində yaradılan bu qrup əvvəllər “Triplets Ghetto Kids” adı ilə fəaliyyət göstərib. Dünya çempionatının final şousunda “Ghetto Kids” dünyaşöhrətli müğənni Şakiranın “Burna Boy” ilə ifa etdiyi “Dai Dai” mahnısı zamanı müğənni ilə birlikdə səhnəyə çıxaraq rəqs edib. Bildirilib ki, qrup Şakiranın dəvəti ilə final mərasiminə qatılıb və çıxışdan əvvəl məşqlərdə iştirak edib.