Bakıdan dünyanın aparıcı universitetlərinə və enerji-texnologiya sahəsinə gedən yol — Müsahibə

Bakıda boya-başa çatan, ODTÜ, Kolumbiya və Harvard universitetlərini bitirən, uzun illər enerji sektorunda və dünyanın ən böyük şirkətləri ilə süni intellekt sahəsində çalışan gənc həmvətənimiz Vüqar Abdullayev müsahibə verib. O , müsahibəsində təhsil yolundan, enerji və süni intellektin kəsişməsində gördüyü imkanlardan, uşaqlıqdan başlayan şahmat sevgisindən və gələcək planlarından danışıb. “ Qafqazinfo ” sözügedən müsahibəni təqdim edir: - Vüqar bəy əvvəl özünüz barədə məlumat verərdiniz. - Bakıda böyümüşəm. İlk təhsilimi 251 saylı orta məktəbdə almışam, sonra təhsilimi özəl məktəbdə davam etdirmişəm. Uşaqlıqdan riyaziyyata böyük marağım vardı. Buraxılış imtahanlarında (TQDK) 680 bal topladım və I qrup üzrə ölkə üzrə beşinci nəticəni göstərdim. Buna paralel olaraq Türkiyəyə də sənəd vermişdim və Ankaranın ODTÜ (Orta Şərq Texniki Universiteti) universitetinə qəbul oldum. Orada Sənaye Mühəndisliyi ixtisası üzrə təhsil aldım. - Təhsil illəriniz necə keçdi? - Universitetdə çox ciddi çalışdım. Sənaye Mühəndisliyi 4 üzərindən 3.7 orta bal ilə bitirdim və ardıcıl bir neçə semestr “Yüksək Şərəf Tələbəsi” (High Honor) adını qazandım. Eyni zamanda Beynəlxalq İqtisadiyyat üzrə proqramına da yazıldım və orada da 3.8 orta bal topladım. O dövrdə ailədə sağlamlıq və maliyyə çətinlikləri ilə üzləşdik və mən SOCAR-ın təqaüd proqramına qəbul oldum. Bu mənim üçün dönüş nöqtəsi oldu – həm təhsilimi davam etdirməyə, həm də enerji sahəsinə ilk addımlarımı atmağa imkan yaratdı. - SOCAR təqaüdü təhsilinizi Amerikada davam etdirməyə imkan verdi, elə deyilmi? - Bəli. Universiteti bitirəndən sonra SOCAR təqaüdümü Kolumbiya Universitetində təhsil almaq üçün uzatdı. Orada Əməliyyat Tədqiqatları (Operations Research) üzrə magistr proqramını 3.9 orta balla bitirdim. Son ilimdə, həmçinin korporativ maliyyə fənni üzrə professorun tədris assistenti olaraq çalışdım. - Məzun olduqdan sonra enerji sektorunda işləməyə başladınız. O dövrü necə xatırlayırsınız? - Kolumbiyanı bitirəndən sonra Azərbaycana geri qayıdıb SOCAR-da investisiya departamentində işləməyə başladım. Çox maraqlı bir dövr idi – ölkəmizin enerji sahəsindəki xarici investisiyalarının nəticələrinə baxırdıq: İsveçrə, Türkiyə, Gürcüstan, Ukrayna və digər ölkələrdə. Sonra mənə SOCAR-ın Gürcüstandakı şirkətinə keçməyi təklif etdilər və mən, məmnuniyyətlə, bu təklifi qəbul etdim. Orada çalışdığım 5 il ərzində iki dəfə vəzifəm yüksəldi və təhsilimi daha da dərinləşdirmək üçün şirkətin maliyyə üzrə direktor müavini vəzifəsindən ayrıldım. - Və bu yol sizi Harvarda apardı... – Bəli. Harvard Universitetinin (Harvard Business School) MBA proqramına qəbul oldum – dünyanın ən nüfuzlu biznes proqramlarından biridir. Orada da enerji, maliyyə və texnologiya sahələrinə olan həvəsimi davam etdirdim: Enerji və Ətraf Mühit Klubunun (Energy and Environment Club) maliyyə direktoru (CFO) oldum. Harvardda keçirdiyim vaxt mənə həm qlobal enerji məsələlərinə, həm də texnologiyanın bu sahəni necə dəyişdirə biləcəyinə daha geniş baxmağı öyrətdi. - Son illər süni intellekt və enerji sahəsində çalışırsınız. Bu iki sahə necə birləşir? - Harvarddan məzun olduqdan sonra Bain & Company beynəlxalq konsaltinq şirkətininin Nyu-York ofisində işə qəbul oldum. Burada, dünyanın ən böyük şirkətləri üçün süni intellekt strategiyası və yol xəritəsi (roadmap) üzrə xeyli iş görmüşəm. Çalışdığım əsas sahələrdən biri enerji (utility) şirkətlərinin ən çətin, ən “dar boğaz” kimi bilinən problemləri olub: məsələn, ötürücü (transmission) biznesində layihələrin tikintisinin sürətləndirilməsi, biznesin yenidən qurulması və səmərəliliyin artırılması. Bu işlər mənə göstərdi ki, süni intellektin enerji sektorunda tətbiqində nəhəng potensial var. - Bu potensialı bir az açıqlaya bilərsinizmi? - Bu gün dünyada süni intellekt səbəbindən elektrik enerjisinə tələbat misilsiz sürətlə artır –data center-lər, ev şəraintində elektrikləşmə (günlük istifadənin artması), sənayedə avtomatlaşma səbəbi ilə enerji istehlakının artması, v.s. Digər tərəfdən isə yeni enerji istehsalı, ötürücü xətlər, vs. kimi lazımı infrastruktur bir gecəyə qurulmur – buna illər lazımdır. Mən belə düşünürəm ki, ən sürətli həll tələbat tərəfində səmərəliliyi artırmaqdır – yəni mövcud infrastruktur ilə daha az enerji istehlak etmək. Süni intellekt məhz burada böyük rol oynaya bilər: enerji sistemlərini daha etibarlı, daha dözümlü və daha səmərəli etmək. Məncə, bu, növbəti onilliyin ən əhəmiyyətli texnoloji-sənaye məsələlərindən biridir. - Süni intellekt sahəsində azərbaycanlı gəncləri nə gözləyir? Onlara nə məsləhət görərdiniz? - Azərbaycanda gənclərin riyazi hazırlığı çox güclüdür – bu, süni intellekt və texnologiya sahəsində ən böyük üstünlüklərdən biridir. Məsləhətim odur ki, dil öyrənsinlər, onlayn resurslardan istifadə etsinlər və daim yeni bilik əldə etməyə çalışsınlar. Ən əsası isə – bir sahəni dərindən öyrənməkdən qorxmasınlar. Gələcək həm texnologiyanı, həm də real sahəni – enerji, sənaye – başa düşən insanların olacaq. - Bir az şəxsi həyatınızdan danışaq. İşdənkənar vaxtınızı necə keçirirsiniz? - Son illər qaçışa marağım artıb – keçən il Brooklyn-də yarım marafon bitirdim, bu il də, inşallah, marafon qaçacağam. Ondan başqa incəsənətə, muzeylərə və uşaqlıqdan şahmata marağım var – şahmata beş yaşımdan başlamışam. Sonra kiçik qardaşıma da şahmatı öyrətdim. Doğrusu, o məndən qat-qat yaxşı oynamağa başladı – indi ABŞ-də idman ustası səviyyəsindədir. İkimiz də həm Azərbaycanın, həm də beynəlxalq komandaların nəticələrini maraqla də izləyirik. Hətta bir neçə beynəlxalq çempionata oyunçularımızı canlı izləməyə getmişik, 2024-cü ildə Nyu-Yorkda keçirilən FIDE Dünya Rapid və Blitz Çempionatı kimi. - Başqa maraqlarınız da varmı? - Bəli, həvəskar futbol azarkeşiyəm. “Real Madrid” azarkeşiyəm – bu, 2000-ci ildə dayımın bizim üçün bu komanda haqqında danışması ilə başladı. Elə o vaxtdan azarkeşliyim başladı və davam edir. Bir gün “Real Madrid” – “Barselona” oyununu stadionda canlı izləməyi çox istərdim. - Gələcək planlarınız nə üzərinə qurulub? Azərbaycanda işləməyi düşünürsünüzmü? - Hazırda Amerikada çoxlu imkanlar görürəm və diqqətimi buradakı işə yönəltmişəm. Amma ürəyim həmişə Azərbaycandadır – ölkəmizin inkişafına, xüsusən texnologiya və enerji sahəsində töhfə vermək mənim üçün dərin bir arzudur. Bu istiqamətdə gələcək üçün planlarım var. - Son olaraq, uğur qazanmaq istəyən gənclərə nə deyərdiniz? - Yolun çətin olduğu anlarda belə çalışmaqdan əl çəkməsinlər. Mənim yolum da asan olmayıb – ailə çətinlikləri, təqaüdlə, daima oxumaqla keçib. Amma əgər insan işinə ciddi yanaşırsa, dürüst və çalışqandırsa, gec-tez öz zəhmətinin bəhrəsini görəcək. Ən əsası – böyük düşünməkdən qorxmamaqdır.