Yaponiyada güclü zəlzələdə 13 nəfər öldü — Dağıntılar altında qalanlar var - Fotolar

Yaponiyanın Kyusu adasında baş verən güclü zəlzələ nəticəsində azı 13 nəfər həyatını itirib. “Qafqazinfo” AFP-yə istinadən xəbər verir ki, təbii fəlakət genişmiqyaslı dağıntılara, yanğınlara və elektrik enerjisinin kəsilməsinə səbəb olub. Xilasedicilər dağıntılar altında qalan şəxslərin axtarışını davam etdirirlər. Zəlzələ çərşənbə axşamı yerli vaxtla saat 16:27-də Kumamoto prefekturasının cənub-qərbində qeydə alınıb. ABŞ Geoloji Xidməti (USGS) yeraltı təkanın maqnitudasını 6,8, ocağının dərinliyini isə təxminən 10 kilometr göstərib. Zəlzələdən ən çox zərər çəkən ərazilərdən biri Kaşima şəhəri olub. Buradakı ticarət mərkəzində qaz partlayışı nəticəsində tavan və divarlar çöküb. Ticarət mərkəzinin operatoru “Aeon”un sözçüsü bildirib ki, partlayış müştərilər və işçilər binadan təxliyə edildikdən sonra baş verib. İlkin məlumatlarda binada 20-30 nəfərin qaldığı bildirilsə də, sonradan bu rəqəmin daha az olduğu açıqlanıb. Polis əməkdaşlarının sözlərinə görə, bəzi işçilərin dağıntılar altında qaldığı dəqiqdir, lakin müştərilər arasında da xəsarət alan və ya dağıntılar altında qalan şəxslərin olub-olmadığı hələ müəyyənləşdirilməyib. Xilasedicilər binaya təhlükəsiz giriş yolu tapa bilmədikləri üçün axtarış-xilasetmə işləri çətinliklə davam edir. Yatsuşiro şəhərində yerləşən “Nippon Paper Industries” fabrikində də ciddi ziyan qeydə alınıb. Müəssisənin tüstü bacasının bir hissəsi çöküb. Yerli hakimiyyət orqanları fabriklə bağlı hadisə nəticəsində doqquz nəfərin itkin düşdüyünü açıqlayıb. Zəlzələ nəticəsində Kumamoto prefekturasında on minlərlə ev və obyekt də elektrik enerjisiz qalıb. Çərşənbə günü səhər saatlarında təxminən 36 880 ev və obyektin elektrik təchizatının kəsildiyi bildirilib. Güclü yeraltı təkanlar bir sıra ərazilərdə binaların çökməsinə və yanğınlara səbəb olub. Körpülər zədələnib, bəzi yol və piyada keçidlərinin hissələri çaya düşüb. Zəlzələnin yaratdığı dağıntılar nəqliyyat infrastrukturuna da təsir edib. Yük qatarının aşdığı, bir sıra yolların isə zədələndiyi bildirilib. Rəsmilər və xilasedicilər dağıntılar altında qalan şəxslərin xilas edilməsi üçün əməliyyatı davam etdirirlər. Ölənlərin və itkin düşənlərin sayının artacağı istisna edilmir.