ABŞ Çin istehsalı humanoid robotlara məhdudiyyət qoydu

ABŞ hökuməti milli təhlükəsizlik narahatlıqlarını əsas gətirərək xaricdə, o cümlədən, Çində istehsal olunan yeni humanoid robotların və enerji çeviricilərinin ölkəyə idxalına məhdudiyyət qoyub. “Qafqazinfo” xəbər verir ki, qərarı ABŞ Federal Rabitə Komissiyası (FCC) açıqlayıb. Yeni qaydalara əsasən, hələ FCC təsdiqi almamış xarici istehsal olan qabaqcıl humanoid və dördayaqlı robot modelləri milli təhlükəsizlik riski yaradan məhsullar siyahısına daxil edilib. Məhdudiyyət artıq FCC tərəfindən təsdiqlənmiş və ABŞ-də istifadədə olan robotlara şamil edilmir. Bu modellərin satışı və idxalı davam edə bilər. FCC, eyni zamanda, xarici istehsal olan enerji çeviricilərini də riskli avadanlıqlar siyahısına əlavə edib. Qurumun fikrincə, bu cihazlar kiberhücumlar, məlumatların oğurlanması və sistemlərə uzaqdan müdaxilə kimi təhlükələr yarada bilər. Çin Vaşinqtonun qərarına sərt reaksiya verib. ABŞ-dəki Çin səfirliyi ticarət məsələlərinin siyasiləşdirilməsinə və “əsassız” məhdudiyyətlərin tətbiqinə qarşı olduğunu bildirib. Pekin ABŞ-ni “hegemon yanaşmasından imtina etməyə və Çin şirkətlərini hədəf almağı dayandırmağa” çağırıb. Çin tərəfi öz maraqlarını qorumaq üçün lazımi addımları atacağını da açıqlayıb. Son illərdə Çin şirkətləri humanoid və dördayaqlı robotların hazırlanması və istehsalını sürətləndirib. Bu texnologiyalar fabriklərdən tutmuş evlərə qədər müxtəlif sahələrdə istifadə üçün inkişaf etdirilir.