Tanınmış model güllələnərək öldürüldü - (Foto)

Kolumbiyada 27 yaşlı model və iş qadını Angie Marcela Ramírez Vargas silahlı hücum nəticəsində həyatını itirib. Milli.Az xəbər verir ki, hadisə iyulun 24-də Pitalito şəhərində yerləşən Gran Plaza San Antonio ticarət mərkəzinin yaxınlığında baş verib. İdman zalından çıxaraq "Toyota Land Cruiser Prado" markalı avtomobili ilə hərəkət edən Ramírez Vargas qırmızı işıqda dayandığı zaman motosikletlə yaxınlaşan silahlı şəxslərin hücumuna məruz qalıb. Yaxın məsafədən açılan atəş nəticəsində yaralanan qadın avtomobili təxminən 100 metr idarə edə bilsə də, daha sonra nəqliyyat vasitəsinə nəzarəti itirib. O, xəstəxanaya çatdırılsa da, aldığı çoxsaylı güllə yaralarından dünyasını dəyişib. Polis hadisədən dərhal sonra genişmiqyaslı əməliyyata başlayıb. Hücumda istifadə edildiyi ehtimal olunan motosiklet və odlu silah aşkar edilərək götürülüb. Əməliyyat zamanı 48 yaşlı Hermes Gaviria Cuellar saxlanılıb. İstintaq onun motosikletin sərnişini və atəşi açan şəxs olduğunu ehtimal edir. İkinci şübhəlinin isə çay sahili istiqamətində qaçaraq hadisə yerindən uzaqlaşdığı və hazırda axtarıldığı bildirilib. Polis hadisənin motivini araşdırır. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)