Heyvan dişləyəndə ilk nə edilməlidir?
Heyvan dişləməsi zamanı ilk yardımın düzgün göstərilməsi həyati əhəmiyyət daşıyır. Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib. Onun sözlərinə görə, ilk növbədə təşvişə düşmək olmaz. "Zədə nahiyəsi ən azı 15 dəqiqə axar suyun altında paltar sabunu ilə yuyulmalıdır. Bundan sonra yara hidrogen peroksid, spirt və ya digər antiseptik vasitələrlə dezinfeksiya edilməli, dərhal ən yaxın tibb müəssisəsinə müraciət olunmalıdır", - deyə şöbə müdiri bildirib. A. Qurbanova vurğulayıb ki, sonrakı müalicə yalnız həkim tərəfindən təyin edilməlidir. Bildirib ki, heyvan dişləməsi zamanı tibbi yardıma mümkün qədər tez müraciət etmək lazımdır. Onun sözlərinə görə, ilkin yardım göstərildikdən dərhal sonra vətəndaş tibb müəssisəsinə getməlidir. Şöbə müdiri bildirib ki, ev şəraitində müalicə aparılması yolverilməzdir. "Antirabik vaksin yalnız həkim nəzarəti altında, müəyyən olunmuş sxem üzrə tibb müəssisəsində vurulmalıdır. Vaksinasiya kursu evdə keçirilə bilməz", - deyə o qeyd edib. Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Şərh verin