Tanınmış cərraha 9 il həbs verildi — “Opera Hotel”də tutulubmuş

Külli miqdarda qanunsuz narkotik dövriyyəsində ittiham olunan “Kəpəz Hospital”ın cərrahı Elşən Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən həkimə verilmiş ittiham məhkəmə istintaqı ilə sübuta yetirilib. İş materiallarından məlum olub ki, o, daha əvvəl də narkotik cinayəti ilə bağlı məhkum edilibmiş. Hətta həmin məhkumluğu tam ödənilməyib. Elşən Əliyev bu dəfə isə polis əməkdaşları tərəfindən “Opera Hotel”də tutulub. Otağa baxış zamanı müxtəlif növ narkotik vasitələr aşkar edilib. Cərrah məhkəmədə özünü təqsirli bilməyib. Elşən ifadəsində əvvəllər narkotik istifadə etdiyini etiraf edib, lakin həbsdən çıxdıqdan sonra vərdişindən aralandığını deyib. O, tutulan gün hoteldə olma səbəbini isə Səhiyyə Nazirliyinin təşkil etdiyi imtahanla əlaqələndirib. Dediyinə görə, üç-dörd gün ərzində hoteldə hazırlaşmalı imiş. Yekunda toplanmış sübutlar və şahid ifadələri ilə Elşən mütəşəkkil dəstə halında narkotik satışı ilə məşğul olmaqda təqsirli bilinib. Hökmə əsasən, cərraha 9 il həbs cəzası verilib. Qeyd edək ki, ürək-damar cərrahı olan Elşən Əliyev “Kəpəz Hospital”dan əvvəl “Lazur Hospital”, “Real Hospital”, eləcə də “Alo Doktor” kimi bir sıra özəl klinikalarda çalışıb. Sail Ağasəlim