Alimlər qidalana bilən sintetik hüceyrə yaradıb — Elmdə ilk
ABŞ-nin Minnesota Universitetinin alimləri ilk dəfə olaraq ayrı-ayrı bioloji komponentlərdən canlı hüceyrənin xüsusiyyətlərinə malik sintetik hüceyrə yaratmağa nail olub. “Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar sıfırdan yaradılan bu hüceyrəyə “SpudCell” adını verib. “SpudCell” hələlik tam canlı orqanizm olmasa da, artıq əsl hüceyrənin bir sıra əsas funksiyalarını yerinə yetirməyə qadirdir və qidalanmaq, böyümək və bölünmək qabiliyyətinə sahibdir. Layihə rəhbəri, bioloq Keyt Adamala “SpudCell”i karyerasının ən mühüm işi adlandırıb. Onun sözlərinə görə, tədqiqatın əsas məqsədi həyatın mövcudluğunun fundamental prinsiplərini başa düşməkdir. Adamala vurğulayıb ki, müasir elm artıq genetik kodu oxumağı bacarır, lakin ayrı-ayrı molekullardan funksional hüceyrənin məhz necə yarandığını elə də yaxşı anlaya bilmir. Onu da qeyd edək ki, “SpudCell” təxminən 150-200 molekuldan ibarətdir. Adi canlı hüceyrə isə özündə milyardlarla molekul ehtiva edə bilər. Hüceyrənin təxminən hər 12 saatdan bir bölünməsi üçün alimlər onu əllə qidalandırmalı və təxminən 30°C temperatur şəraitində saxlamalı olurlar. Bununla yanaşı, “SpudCell” müstəqil şəkildə zülal istehsal etməyi bacarmır. Bu isə o deməkdir ki, sintetik hüceyrə insanlar tərəfindən daimi “qidalandırma” olmadan yaşaya bilməz. Bu yenilik elm sahəsində çoxsaylı müzakirələrə səbəb olub. Hazırda bioloqların müzakirə etdiyi əsas sual isə “SpudCell”i ümumiyyətlə canlı adlandırmaq olarmı?”dan ibarətdir. Bu suala isə hələlik birmənalı və konkret cavab yoxdur. Artıq qeyd etdiyimiz kimi, yeni yaradılan hüceyrə bəzi ən mühüm funksiyaları – daxili prosesləri dəstəkləməyi, enerjidən istifadə etməyi, böyüməyi və bölünməyi yerinə yetirməyə qadirdir. Lakin o, hələlik tamamilə müstəqil şəkildə mövcud ola bilməz. Məhz buna görə də bir çox alim “SpudCell”i yeni həyat formasının yaradılması kimi deyil, ciddi texnoloji irəliləyiş kimi qiymətləndirir. Fotoda: Keyt Adamala

Şərh verin