“Azadlıq prospekti” metrosunda qatarların hərəkəti dayandı - Səbəb - (Video)

Ötən gün metronun "Azadlıq prospekti" stansiyasında qatarların hərəkətində problem yaranıb. Sosial şəbəkədə məlumat paylaşan vətəndaş bildirib ki, ödəniş edib platformaya düşən sərnişinlərə qatarların hərəkət etmədiyi deyilib. Milli.Az unikal.az -a istinadla xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, 29 iyul tarixində saat 23:55 radələrində Bakı metropolitenini qidalandıran yüksək gərginlikli elektrik kabel xəttində baş vermiş qısaqapanma səbəbindən Yaşıl xəttin "Memar Əcəmi-Dərnəgül" sahəsində qatarların hərəkətində qısamüddətli fasilə yaranıb. "Operativ görülmüş tədbirlər nəticəsində alternativ elektrik mənbələrindən istifadə olunaraq qatarların hərəkəti qısa müddətdə bərpa edilib və Bakı metropoliteni normal iş rejimində fəaliyyətini davam etdirib", - deyə B.Məmmədov qeyd edib. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)