Dərmansız yüksək təzyiqin qarşısını belə alın - Kardioloqdan məsləhət

İnfarkt və insultun əsas səbəbi sayılan yüksək qan təzyiqi (hipertoniya) dünyada milyonlarla insanın həyatına təsir edir. Mütəxəssislər bildirirlər ki, bu xəstəlik çox vaxt simptom vermədiyi üçün xəstələrin yarısına yaxınında diaqnoz qoyulmur. Milli.Az xəbər verir ki, kardiologiya professoru Rasha Al Lamee vurğulayır ki, yüksək təzyiqin qarşısını almaq üçün ən mühüm addım həyat tərzini dəyişməkdir - o cümlədən duzun azaldılması, sağlam qidalanma, fiziki aktivlik və stresin idarə olunması. Duz istehlakını azaldın Böyük Britaniyada böyüklər gündə orta hesabla 8-9 qram duz qəbul edir, halbuki norma 6 qramdan çox olmamalıdır. Duz qəbulunu azaltmaq qan təzyiqini aşağı salmağa kömək edir. Evdə bişmiş yeməklərə üstünlük vermək və hazır qidaları məhdudlaşdırmaq tövsiyə olunur. Kaliumla zəngin qidalar yeyin Kalium natriumun təsirini balanslaşdırır və qan təzyiqini normallaşdırır. Banan, kivi, avokado, lobya, mərcimək, göyərti və qatıq bu mineralla zəngindir. Lakin kaliumun həddən artıq qəbulu da sağlamlıq üçün təhlükəlidir. Çəki və hərəkət vacibdir Hətta 5-10% çəki itkisi qan təzyiqini aşağı sala bilər. Professor Al Lamee həftədə ən azı üç dəfə 20 dəqiqəlik ürək döyüntüsünü artıran idman növləri ilə məşğul olmağı məsləhət görür. Alkoqol və siqareti tərgidin Spirtli içkilər və siqaret qan damarlarını daraldaraq təzyiqi yüksəldir. Mütəxəssislər həftədə 14 vahiddən çox alkoqol qəbul etməməyi və siqaretdən tamamilə imtina etməyi tövsiyə edir. Sağlam pəhriz və yuxu rejimi Aralıq dənizi pəhrizi - meyvə, tərəvəz, taxıl, paxlalı və zeytun yağı ilə zəngin qidalanma - qan təzyiqini tənzimləməyə kömək edir. Stressin azaldılması, yoqa və 7-8 saatlıq yuxu da sağlam ürək üçün vacibdir. Mütəxəssislər qeyd edirlər ki, bu sadə vərdişləri həyat tərzinə daxil etməklə yüksək qan təzyiqinin qarşısını dərmansız və təbii şəkildə almaq mümkündür. Milli.Az