Azərbaycanda elektrik skuterləri qadağan edilir?
Son aylarda Avropanın bir neçə şəhərində, o cümlədən Paris, Madrid və yaxın günlərdə Çexiyada ictimai təhlükəsizlik və infrastrukturla bağlı narahatlıqlar səbəbindən elektrik skuterlərinin istifadəsinə məhdudiyyətlər qoyulub və ya onların hərəkəti tamamilə qadağan edilib. Bu qərarlar fonunda belə bir sual yaranır: Azərbaycanda da oxşar addım atıla bilərmi? Milli.Az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Aslan Əsədov bizim.media-ya açıqlamasında bildirib ki, bəzi Avropa ölkələrində skuterlərin qadağan edilməsinin əsas səbəbləri iqlim xüsusiyyətləri və yerli şəraitlə bağlıdır. "Bu, başadüşüləndir. Soyuq iqlim qurşağında yerləşən ölkələrdə skuterlər il ərzində çox az müddət istifadə olunur. Belə ölkələrdə hava şəraiti və infrastruktur səbəbindən bu nəqliyyat vasitələrinə ehtiyac da az olur. Azərbaycanda isə vəziyyət fərqlidir. Skuterlər son illərdə xüsusilə gənclər arasında populyarlıq qazanıb. Onlardan daha çox əyləncə məqsədilə və dənizkənarı bulvar ərazilərində istifadə edilir. Bu vasitələr həm yeni gətirilib, həm də bir çox hallarda faydalı nəqliyyat növü sayılır. Xüsusilə tıxacların çox olduğu paytaxt ərazilərində skuterlər rahat və çevik hərəkət imkanı yaradır. Ona görə də yaxın zamanda Azərbaycanda onların ləğvi gündəmdə deyil", - deyə ekspert qeyd edib. Milli.Az

Şərh verin