Zamanda səyahəti öyrənmək üçün yeni model hazırladılar

Fiziklər zamanda səyahətin mümkünlüyünü öyrənmək üçün yeni model hazırlayıblar. “Qafqazinfo” “Popular Mechanics”ə istinadən xəbər verir ki, onların araşdırması təxminən 30 il əvvəl fizik Migel Alkubyerrenin irəli sürdüyü nəzəriyyəni genişləndirir. Bu nəzəriyyə kosmosda işıq sürətindən daha böyük sürətlə hərəkət etməyin mümkünlüyünü nəzərdə tutur. Bunun üçün fəza-zamanı əyən varp mühərriyi tələb olunur. Bizə məlum olan Kainatda işıq sürətindən daha sürətli hərəkət etmək mümkün deyil, çünki fəza-zamanımızın fizikası bunu etməyə sadəcə imkan vermir. Bu faktı aşmaq üçün Alkubyerre mühərriyi kosmik gəminin ətrafında bir növ qabarcıq yaradır, gəminin qarşısındakı fəza-zamanı sıxır, arxasındakı fəza-zamanı isə genişləndirir. Bu halda, kosmik gəmi hərəkətsiz qalır, hərəkət edən isə qabarcıq olur. Bununla da, işıq sürətindən daha böyük sürətlə hərəkət etmək mümkün olur. Fiziklər hesab edirlər ki, iki Alkubyerre qabarcığından və ya fırlanan fəza-zamanın xüsusi halından istifadə edərək zamanda səyahət etmək mümkündür.