“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək - FOTO

26 oktyabr tarixində Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının tərəfdaşlığı ilə "Payız Əfsanələri 2025" İncəsənət Müsabiqəsi keçiriləcək. Tədbir Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq. Payız mövsümünün ilk və ən irimiqyaslı müsabiqəsi təkcə Bakıdan deyil, həm də ölkəmizin müxtəlif bölgələrindən olan iştirakçıları bir araya gətirəcək. "Payız Əfsanələri" layihəsi artıq səkkizinci ildir ki, təşkil olunur və ən istedadlı gənc və uşaq ifaçıları bir səhnədə toplayır. Azərbaycan Rəqs Assosiasiyasının prezidenti və layihənin təsisçisi Əziz Əzizov bildirib ki, müsabiqənin əsas məqsədi - istedadlı uşaqları və gəncləri dəstəkləmək, onların səhnə təcrübəsi qazanmasına və yaradıcılıqlarını inkişaf etdirməsinə şərait yaratmaqdır. "Hər çıxış sadəcə yarış deyil, özünü kəşf etmək, istedadına inanmaq və səhnənin gücünü hiss etmək fürsətidir. Səmimi və cəsarətli olun - çünki məhz duyğular incəsənəti canlı edir. Bu müsabiqə sizin arzularınıza bir addım daha yaxınlaşmağınıza kömək etsin". "Payız Əfsanələri 2025" iştirakçıları payız mövsümünə yeni ümid, enerji və motivasiya ilə başlamağa ruhlandırır. Müsabiqə zamanı iştirakçılar müxtəlif janrlarda - folklor, klassika, estrada və incəsənətin müxtəlif növlərində - mahnı, teatr, vokal, bədii qiraət, xoreoqrafiya, moda üzrə çıxış edəcəklər. Dörd yaşdan yuxarı hər bir uşaq və gənc öz istedadını və səhnə bacarığını nümayiş etdirə biləcək. Çıxışlar münsiflər heyəti tərəfindən müəyyən meyarlara əsasən qiymətləndiriləcək, qaliblər diplom, kubok və xüsusi hədiyyələrlə təltif olunacaqlar. Münsiflər heyəti ölkəmizin tanınmış və əməkdar incəsənət xadimlərindən, xalq artistlərindən ibarətdir. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az