Bakıda bir mənzil yox, bütöv bina qiymətinə maşın satılır - FOTO

Bakıda avtomobil bazarında diqqətçəkən və eyni zamanda nadir rast gəlinən satış elanlarından biri qeydə alınıb. İtalyan avtomobil istehsalçısı Ferrarinin lüks SUV modeli Purosangue (2025) Azərbaycanda satışa çıxarılıb. Milli.Az xəbər verir ki, avtomobilin qiyməti 2 307 159 manat təşkil edir. Məlumata görə, satışa çıxarılan model 6.5 litrlik V12 mühərriklə təchiz olunub və yüksək performans göstəriciləri ilə seçilir. Lüks SUV "Ferrari"nin ilk dördqapılı ailəvi modeli kimi təqdim edilir və həm komfort, həm də idman avtomobili xüsusiyyətlərini özündə birləşdirir. Satışa çıxarılan nümunənin isə əlavə olaraq xüsusi tuning paketinə malik olduğu qeyd olunur. Eksklüziv dizayn elementləri, karbon materiallardan istifadə edilən kuzov detallar, genişləndirilmiş kuzov (widebody) və xüsusi disklər avtomobilin fərqləndirici cəhətləri arasında göstərilir. Qeyd edək ki, bu tip avtomobillər dünya bazarında məhdud sayda istehsal olunduğuna görə kolleksiya dəyəri daşıyır və adətən yüksək gəlirli alıcılar üçün nəzərdə tutulur. Azərbaycanda satışa çıxarılan bu model isə ölkə avtomobil bazarında ən bahalı elanlardan biri kimi diqqət çəkir. Malik Milli.Az