Onlayn alış-veriş edənlərin diqqətinə: Yeni sistem qüvvəyə mindi

İyunun 1-dən xaricdən sifariş edilən malların gömrük rəsmiləşdirilməsi qaydalarında dəyişiklik edilib. Yeni qaydalara əsasən, vətəndaşlar artıq FİN kodu ilə birbaşa sistemə daxil olaraq "Elektron Ticarət Bəyannaməsi" xidmətindən istifadə edə bilməyəcəklər. Bundan sonra identifikasiya "ASAN İmza", "SİMA İmza" və ya digər rəqəmsal autentifikasiya vasitələri üzərindən aparılacaq. Yeni gömrük bəyannaməsi qaydalarının tətbiqi xaricdən onlayn alış-verişə necə təsir edəcək? Milli.Az Globalinfo.az-a danışan iqtisadçı Razi Abbasbəyli dəyişiklik xarici ölkələrdən onlayn alış-veriş edən və elektron ticarətlə məşğul olan şəxslər üçün müəyyən çətinliklər yarada bilər deyib: "Çünki indiyədək vətəndaşlar "Smart Customs" sisteminə FİN kod vasitəsilə daxil olaraq elektron bəyannamələri təsdiqləyə bilirdilər. Yeni qaydalara əsasən isə bəyannamələrin təsdiqi yalnız "ASAN İmza", "SİMA İmza" və ya "mygov" üzərindən QR kod vasitəsilə mümkün olacaq. Burada əsas məqsəd təhlükəsizliyin daha da gücləndirilməsidir. Belə ki, vətəndaşın şəxsiyyət vəsiqəsindəki FİN kod və digər məlumatlardan üçüncü şəxslərin istifadə etməsi halları minimuma endiriləcək. Xüsusilə kiçik sahibkarlar arasında idxal limitini aşmamaq məqsədilə yaxınlarının və ya tanışlarının məlumatlarından istifadə etməklə onların adına məhsul sifariş edilməsi halları müşahidə olunurdu. Yeni qaydalar qüvvəyə mindikdən sonra bu imkan aradan qalxacaq. Artıq elektron bəyannaməni yalnız vətəndaşın özü "ASAN İmza" və ya "SİMA İmza" vasitəsilə təsdiqləyə biləcək. Bu da o deməkdir ki, başqa şəxslər vətəndaşın əvəzinə xaricdən məhsul sifariş edib onun adına bəyannamə rəsmiləşdirə bilməyəcəklər. Bu yenilik elektron ticarət üzərindən fəaliyyət göstərən bəzi kiçik ticarətçilərin işini çətinləşdirə və müəyyən məhsullar üzrə qiymət artımına təsir göstərə bilər". İqtisadçı bildirib ki, yeniliyin müsbət tərəfləri də var: "ASAN İmza" və "SİMA İmza" ilə təsdiqlənən elektron bəyannamələrin emalı daha operativ həyata keçiriləcək, bağlamaların çatdırılması sürətlənəcək və mövcud gecikmələrin azalmasına şərait yaranacaq. Əslində, vətəndaşlar üçün prosesin özü mürəkkəbləşmir. Əgər əvvəllər bəyannamə FİN kod vasitəsilə təsdiqlənirdisə, bundan sonra mobil telefonda "ASAN İmza" və ya "SİMA İmza" tətbiqindən istifadə etməklə eyni əməliyyatı rahat şəkildə həyata keçirmək mümkün olacaq. Bu baxımdan əsas dəyişiklik təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi ilə bağlıdır. Hərçənd bəzi kiçik ticarətçilər üçün əlavə çətinliklərin yaranması mümkündür. Lakin ümumilikdə bağlamaların daha operativ çatdırılması və proseslərin daha təhlükəsiz idarə olunması baxımından müsbət addım kimi qiymətləndirilə bilər". Milli.Az