Siyəzəndə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyuldu

Mayın 26-da Siyəzən rayonunda müşahidə olunan güclü yağışlar bir sıra problemlərə yol açıb. Milli.Az xəbər verir ki, yağıntı nəticəsində Ataçayda yaranan sel suları Balaca Həmyə kəndini rayon mərkəzi ilə birləşdirən əsas körpüyə ciddi ziyan vurub. Nəticədə həmin istiqamətdə avtomobillərin hərəkəti dayandırılıb və yol müvəqqəti olaraq istifadəyə bağlanıb. Kənd sakinlərinin sözlərinə görə, körpünün vəziyyəti uzun müddətdir qənaətbəxş olmayıb. Onlar bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciətlər edilsə də, problem həllini tapmayıb. Sakin Tağı Tağıyev qeyd edib ki, alternativ kimi istifadə olunan dəmir körpü də qəzalı vəziyyətdədir və bir müddət əvvəl təhlükəsizlik səbəbindən bağlanmışdı. Əsas körpü yararsız hala düşdükdən sonra isə həmin keçiddən istifadəyə yenidən icazə verilib. Məsələ ilə bağlı açıqlama verən Avtomobil Yolları Dövlət Agentliyi ərazidə ilkin baxışın keçirildiyini bildirib. Qurumdan verilən məlumata görə, yaxın vaxtlarda bərpa işlərinə başlanılacaq və körpü bərpa ediləcək. Asya Milli.Az