"İradım birbaşa Afaq Gəncəliyədir!" - VİDEO

Müğənni Zenfira İbrahimova sosial şəbəkədə paylaşdığı video ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, sənətçi aparıcı Afaq Gəncəlinin təqdim etdiyi "10LAR" verilişində səsləndirdiyi mahnıya görə həmkarları Məhin Hümbətova və Hacı Nazim Məmmədov tərəfindən tənqid olunmasına münasibət bildirib. İbrahimova yayımladığı videomüraciətdə bəzi hallarda haqsızlığa susa bilmədiyini vurğulayaraq efirdə səslənən fikirlərə cavab vermək istədiyini deyib. Müğənni qeyd edib ki, musiqi təhsili alması və uzun illərdir sənətdə fəaliyyəti hər kəsə məlumdur. O, vaxtilə Kubariyə xanımla keçirdiyi böyük konsertin aparıcısının da məhz Afaq Gəncəli olduğunu xatırladıb. İfaçı verilişdə onun daha keyfiyyətli və sevilən mahnılarının təqdim oluna biləcəyini bildirib. Zenfira İbrahimovanın sözlərinə görə, müzakirələrə səbəb olan mahnının seçilməsi məqsədli təsir bağışlayıb. "Verilişdə repertuarımdakı daha məşhur və uğurlu mahnılara yer verilə bilərdi. Bu addımı zəiflik əlaməti kimi qiymətləndirirəm. Həmin mahnı üzərindən müzakirə yaratmağa çalışıldığını düşünürəm". Müğənni həmçinin hesab edir ki, onun ünvanına səsləndirilən tənqidlər zamanı həmkarları və proqramın yaradıcı heyəti daha obyektiv mövqe sərgiləməli idilər. Zenfira İbrahimova videoda iradının birbaşa Afaq Gəncəliyə və proqramın komandasına ünvanlandığını vurğulayıb. Sənətçinin açıqlaması sosial şəbəkələrdə müxtəlif reaksiyalar doğurub və izləyicilər arasında geniş müzakirələrə səbəb olub. Hüseyn Milli.Az