Uşaq pulu müzakirəsi: Mövzu niyə bayağılaşdırılır?
Uşaqlardan ayıbdır! Uşaq pulu mövzusu yenə ictimai gündəmə gəldi və çox təəssüf ki, yenə də özündən daha böyük bir problemi üzə çıxardı: biz bəzən ciddi məsələləri elə müzakirə edirik ki, mövzu axırda özü utanır. Mövzunun özü sosial siyasətə aiddir, amma danışıq forması çox vaxt sosial psixologiyaya çevrilir. Əslində sual sadədir. Uşaqlı ailələrə dövlət dəstəyi olmalıdırmı? Olmalıdırsa, hansı formada? Universal verilməlidir, yoxsa ünvanlı? Məbləğ necə hesablanmalıdır? Büdcə yükü nə qədərdir? Sosial nəticəsi nə olacaq? Bunlar normal suallardır. Ciddi cəmiyyətlər belə sualları rəqəmlə, model ilə, müqayisəli təcrübə ilə müzakirə edir. Bizdə isə müzakirə çox vaxt başqa istiqamətə gedir: "kişi uşaq pulu istəməz", "dövlət pul versə, camaat işləməz", "bizim vaxtımızda belə şey yox idi". Çox gözəl. Bizim vaxtımızda smartfon da yox idi. Amma indi hamı TikTok-da tənqidçi, publisist və iqtisadçı olub. Burada əsas problem uşaq pulu deyil. Əsas problem odur ki, sosial siyasət müzakirəsi bəzən ailə xatirəsi, məhəllə fəlsəfəsi və efir cəsarətinin qarışığına çevrilir. Halbuki dövlət dəstəyi haqqında danışanda şəxsi nümunə arqument olmur. "Mənim atam heç vaxt dövlətdən pul almayıb" cümləsi ailə qüruru üçün dəyərli ola bilər, xatirə dəftəri və memuar üçün əladır, lakin sosial siyasət üçün metodologiya deyil. Ailə xatirəsi hörmətlidir, sadəcə qanunvericilik təşəbbüsü kimi təqdim olunanda problem yaranır. Uşaq pulu məsələsində ən çox səslənən fikir budur: guya belə ödəniş insanları tənbəlləşdirəcək. Bu fikir ilk baxışda "möhkəm" səslənir. Çünki bizim ictimai diskursda bir cümlə nə qədər sərt deyilirsə, bir o qədər ağıllı hesab olunur. Amma sərtlik hələ əsaslılıq demək deyil. Bəzən ən sərt cümlə ən zəif arqumentin kostyumudur. Dünyada sosial müavinətlərin əmək bazarına təsiri barədə ciddi iqtisadi ədəbiyyat var. Bəli, bəzi müavinət formaları düzgün qurulmadıqda iş stimuluna mənfi təsir göstərə bilər. Amma bu, bütün sosial dəstəklərin, xüsusilə də uşaq müavinətlərinin avtomatik olaraq "tənbəllik" yaratdığı anlamına gəlmir. Almaniyada uşaq müavinəti var. Skandinaviya ölkələrində illərdir var. Kanadada uşaqlı ailələrə ciddi dəstək mexanizmləri işləyir. Bu ölkələrin heç birində uşaq pulu alan valideynlər kütləvi şəkildə divanda uzanıb "dövlət sağ olsun" deməklə iqtisadiyyatı çökdürməyib. Məsələ "uşaq pulu insanı tənbəlləşdirir" kimi sadə deyil. Əsl sual başqadır: belə bir mexanizm Azərbaycanda necə qurula bilər? Universal modelmi daha uyğundur? Ünvanlı modelmi? Mövcud sosial yardım sistemi ilə inteqrasiya oluna bilərmi? Ailə gəliri, uşaqların sayı, region fərqləri, əmək bazarının qeyri-rəsmi hissəsi necə nəzərə alınmalıdır? Bax, müzakirə buradan başlamalıdır. Amma biz çox vaxt başlanğıc xəttinə çatmamış tribunaya çıxırıq. Bu yerdə daha bir detal var. Hər mövzunun efir versiyası ilə işlək mexanizmi eyni şey deyil. Efir üçün cümlə qısa, sərt və yaddaqalan olmalıdır. Dövlət siyasəti üçün isə cümlənin arxasında hesab, sənəd, icra mexanizmi və nəticə olmalıdır. Birinci alqış gətirir, ikinci məsuliyyət tələb edir. Uşaq pulu mövzusu da məhz bu fərqin qurbanına çevrilir. Uşaq pulu istəyən hər kəsi "tənbəl" kimi təqdim etmək də doğru deyil, uşaq pulunu bütün sosial problemlərin möcüzəvi dərmanı kimi göstərmək də. Birinci yanaşma kobuddur, ikinci yanaşma sadəlövhdür. Ciddi mövqe bu ikisinin arasında dayanır: uşaqlı ailələrə dəstək lazımdır, amma bu dəstəyin forması ağıllı, hesablanmış və icra baxımından işlək olmalıdır. Bu məsələdə dövlətin üzərinə emosional şüarlarla deyil, peşəkar təkliflərlə getmək lazımdır. Çünki sosial siyasət instaqram şərhi ilə qurulmur. Büdcə var, prioritet var, inzibati mexanizm var, hüquqi forma var. Bunların hamısı nəzərə alınmadan "verilsin" demək də asandır, "verilməsin" demək də. Çətin olan üçüncü yoldur: necə verilsin? Əslində normal müzakirə dövlətin imkanlarını da, ailənin ehtiyacını da eyni anda görməyi bacarmalıdır. Dövlət büdcəsi sonsuz deyil, bunu hamı anlayır. Amma ailə büdcəsi də sehrli qutu deyil ki, hər ay açanda içindən əlavə ayaqqabı, dərman, bağça pulu və məktəb ləvazimatı çıxsın. Sosial siyasətin işi məhz bu iki reallıq arasında ağıllı körpü qurmaqdır. Ən maraqlısı odur ki, bu müzakirədə çox danışanların bir hissəsi sanki uşağı real insan kimi yox, iqtisadi risk kimi görür. Halbuki uşaq ailənin "xərc maddəsi" deyil, cəmiyyətin gələcək şəxsiyyəti və mövcud vətəndaşıdır. Onun qidası, geyimi, təhsili, sağlamlığı, təhlükəsizliyi sadəcə ailədaxili məsələ deyil. Bu, həm də insan kapitalı məsələsidir. Bugünkü uşaq sabahın müəllimi, həkimi, mühəndisi, hakimi, vəkili, sahibkarı, əsgəri, alimi ola bilər və olacaqdır da. Ona görə uşağa ayrılan vəsait xərclənmiş pul kimi yox, gələcəyə qoyulmuş sərmayə kimi də qiymətləndirilməlidir. Bir də unutmayaq ki, bu ölkənin ictimai ənənəsində uşağı, ailəni və maariflənməni ucuz mövzu kimi görmək olmayıb. Sabirin satirası da, Cəlil Məmmədquluzadənin acı gülüşü də, Üzeyir bəyin mədəniyyət dərsi də əslində bir şeyi deyirdi: cəmiyyət özünü ciddi mövzularda tanıyır. Biz də bu mövzuda özümüzü tanıyırıq. Sual budur: necə görünürük? Əlbəttə, hər mövzuda olduğu kimi burada da ehtiyatlılıq lazımdır. Populizm sosial siyasətin ən rahat, amma ən təhlükəli yoludur. Uşaq pulu mövzusu da populist şüara çevrilməməlidir. Amma eyni zamanda, "tənbəllik yaradacaq" deyib mövzunu qapının ağzında boğmaq da intellektual tənbəlliyin başqa formasıdır. Bir fikir xoşumuza gəlmirsə, onu rəqəmlə təkzib edək, etiketlə yox. Bir cəmiyyətin səviyyəsi yalnız hansı qərarı verməsi ilə ölçülmür. Həm də o qərara necə gəlib çıxması ilə ölçülür. Biz uşaq pulu məsələsində razılaşmaya bilərik. Bu normaldır. Amma heç olmasa mübahisəni elə aparaq ki, uşaq pulu haqqında danışarkən uşağın özü müzakirədən utanmasın. Çünki bu mövzunun mərkəzində nə deputat var, nə jurnalist, nə ekspert, nə sosial media qəhrəmanı. Mərkəzdə uşaq var. Uşağın ehtiyacı isə nə siyasi şüardır, nə də efir üçün sərfəli replika. Bu, adi həyat məsələsidir. Bəzən uşaq üçün alınan ayaqqabı, dərman, məktəb ləvazimatı və ya normal qida ailə büdcəsində böyük fərq yaradır. Bunu görmək üçün iqtisadçı olmağa ehtiyac yoxdur; sadəcə həyatdan tamamilə qopmamaq kifayətdir. Bu mövzuda ən xoşagəlməz məqam uşağın adının böyüklərin özünü göstərmək yarışında alətə çevrilməsidir. Biri daha sərt görünmək istəyir, biri daha xalq adamı, biri daha qənaətcil, biri daha uzaqgörən. Nəticədə uşağın real ehtiyacı səhnənin arxasında qalır. Halbuki sosial siyasətin ən sadə etik qaydası budur: haqqında danışdığın insanı müzakirədən silmə. Bəzən bir mövzunu öldürmək üçün ona qarşı çıxmaq lazım deyil, onu bayağılaşdırmaq kifayətdir. Uşaq pulu müzakirəsində də təhlükə budur. Məsələ tərəflərin razılaşmamasında deyil. Razılaşmamaq normaldır. Problem odur ki, razılaşmadığımız mövzunu belə səliqəli müzakirə edə bilmiriksə, sabah daha mürəkkəb sosial qərarlar qarşısında nə edəcəyik? Demoqrafiya, təhsil, səhiyyə, məşğulluq kimi sahələr emosional reflekslə yox, uzun nəfəsli düşüncə ilə idarə olunur. Bu yazının məqsədi kimisə susdurmaq deyil. Əksinə, hamının danışdığı yerdə bir az da düşünməyin vacibliyini xatırlatmaqdır. Uşaq pulu ilə bağlı ən doğru model ayrıca müzakirə mövzusudur. Amma hansı model seçilirsə-seçilsin, başlanğıc nöqtəsi uşağı aşağılayan, valideyni utandıran, ehtiyacı isə xarakter qüsuru kimi təqdim edən dil olmamalıdır. Sosial siyasət insan ləyaqətindən başlamırsa, ən yaxşı hesablamanın da mənəvi dəyəri yarımçıq qalır. Ona görə də bu müzakirənin ən sadə qaydası belə olmalıdır: kimsə uşaq pulunu müdafiə edirsə, onu dərhal populist adlandırmayaq; kimsə ehtiyatlı yanaşırsa, onu da dərhal qəddar kimi təqdim etməyək. Normal ictimai söhbət qarşı tərəfi karikaturaya çevirməkdən yox, onun arqumentini ciddi qəbul edib cavablandırmaqdan başlayır. Hə, bu arada, dünyanın başqa yerlərində uşaqlar üçün fərdi təhsil modelləri, erkən inkişaf proqramları, süni intellekt əsaslı öyrənmə sistemləri hazırlanır. Gözünüz aydın, biz hələ də uşağın bugünkü ehtiyacını "tənbəllik riski" kimi müzakirə edirik. Bəlkə də uşaq pulundan əvvəl bizə bir az da müzakirə mədəniyyəti lazımdır. Çünki məsələ təkcə pul deyil. Məsələ uşağa, ailəyə, sosial dövlət anlayışına və ictimai söhbətin səviyyəsinə necə baxmağımızdır. Uşaq pulu verilə də bilər, verilməyə də bilər, başqa formada da təşkil oluna bilər. Amma uşaq mövzusunu bu qədər ucuzlaşdırmağa heç kimin mənəvi haqqı yoxdur. Ən azından uşaqlardan ayıbdır. Yaqub Nəcəfli Vəkillər Kollegiyasının üzvü

Şərh verin