Səsvermənin gizliliyini pozduğuna görə həbs edildi

Ermənistanda keçirilən parlament seçkilərində səsvermənin gizliliyini pozan müxalifət koalisiyasının rəsmi nümayəndəsi cinayət başında yaxalanaraq həbs edilib. “Qafqazinfo” “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Məlumata görə, hadisə bu gün səhər saat 08:15-də qeydə alınıb. Belə ki, H.X. adlı seçici bülletenləri alaraq səsvermə kabinəsinə daxil olub. Lakin o, kabinədən çıxdıqdan sonra səsvermə talonunu komissiya üzvünə təqdim etməyib və onu kabinədə unutduğunu, axtarsa da tapa bilmədiyini iddia edib. Seçki komissiyasının qərarı ilə məntəqə sədri talonu yoxlamaq üçün kabinəyə daxil olub. Məhz bu zaman müxalif “Güclü Ermənistan” blokunun müşahidəçisi S.T. kabinəyə yaxınlaşaraq istifadə olunmamış bülletenlər üçün nəzərdə tutulmuş qutunu və bülletenləri qanunsuz olaraq videolentə almağa başlayıb. “S.T. cinayət törətməkdə bilavasitə yaranmış əsaslı şübhələr zəminində Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən saxlanılıb”, – deyə İstintaq Komitəsinin rəsmi açıqlamasında bildirilir. Faktla bağlı Ermənistan Cinayət Məcləsinin 215-ci maddəsinin 2-ci hissəsi (səsvermənin gizliliyini pozma) ilə cinayət işi başlanılıb.