AZSET proqramına qeydiyyat başladı — Gələcəyin mühəndisləri üçün yeni imkan
“AZCON School of Engineering and Technology” – “AZCON Mühəndislik və Texnologiya Məktəbi”nə (AZSET) qəbul üçün qeydiyyat başlayıb. “Qafqazinfo” xəbər verir ki, “AZCON Holding” və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı, “TUM International GmbH”nın akademik dəstəyi ilə həyata keçirilən AZSET beynəlxalq akademik standartları sənaye təcrübəsi ilə birləşdirən innovativ bakalavr təhsil proqramıdır. Proqram Azərbaycanın ali təhsil müəssisələrinin təbiət, texniki, texnoloji və əlaqəli ixtisaslarında təhsil alan, birinci kursu uğurla başa vurmuş tələbələr üçün nəzərdə tutulub. Namizədlərdən minimum 81 ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və ən azı B2 səviyyəsində ingilis dili biliyi tələb olunur. Şərtlərə cavab verən tələbələr 15 iyul 2026-cı il tarixinədək qeydiyyatdan keçərək seçim mərhələsində iştirak edə bilərlər. AzTU-nun nəzdində təsis edilmiş AZSET çərçivəsində tələbələr kompüter elmləri üzrə beynəlxalq standartlara uyğun təhsil alacaq, eyni zamanda “AZCON ekosistemi”ndə fəaliyyət göstərən şirkətlərdə real layihələr üzərində işləyərək praktiki təcrübə qazanacaqlar. Tədris tamamilə ingilis dilində aparılacaq və Münhen Texniki Universitetinin (TUM) akademik yanaşması, kurikulumu və qiymətləndirmə standartları əsasında təşkil olunacaq. Seçim mərhələsini uğurla keçən tələbələr təhsillərini ikinci kursdan etibarən AZSET proqramında davam etdirə biləcəklər. Proqram məzunları AzTU-nun dövlət nümunəli bakalavr diplomu ilə yanaşı, “TUM International GmbH” sertifikatını əldə edəcəklər. Yüksək nəticə göstərən tələbələr üçün Münhen Texniki Universitetinə tədris səfərləri, məzunlar üçün isə “AZCON ekosistemi”ndə karyera imkanları nəzərdə tutulub. Qeydiyyat üçün: https://www.azsetedu.az/registration/account AZSET haqqında Qeyd edək ki, “AZCON School of Engineering and Technology” – “AZCON Mühəndislik və Texnologiya Məktəbi” (AZSET) “AZCON Holding” və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı və “TUM International GmbH”nın akademik dəstəyi ilə 14 may 2026-cı il tarixində təsis edilib. AZSET proqramı ali təhsil və sənaye arasında əməkdaşlığın yeni mərhələsini formalaşdıraraq tələbələrin nəzəri biliklərini real iş təcrübəsi ilə birləşdirəcək. Beynəlxalq akademik standartlara əsaslanan bu model ölkənin gələcək texnoloji ehtiyaclarına cavab verən peşəkar kadrların hazırlanmasına xidmət edəcək. AZSET proqramı haqqında ətraflı məlumat üçün: www.azsetedu.az .

Şərh verin