Göldə iki uşaq boğuldu — Biri babası evinə qonaq gəlibmiş
Göygöl rayonu ərazisində yerləşən göldə 2 azyaşlı boğulub. “Qafqazinfo” xəbər verir ki, vəfat edən uşaqlardan birinin 10, digərinin isə 9 yaşı var. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, uşaqlar göldə çimərkən boğulub. Faktla bağlı araşdırma başlanılıb. *** Hadisə rayonun Bəhrambağ kəndində qeydə alınıb. 2017-ci il təvəllüdlü R.Həsənov və onun qohumu 2016-cı il təvəllüdlü Y.Nəsibov süni göldə boğularaq ölüblər. R.Həsənov üçüncü, Y.Nəsibov isə dördüncü sinif şagirdi olub. Hər iki uşağın meyiti tapılıb. Məlumata görə, R.Həsənov Gəncədə yaşayıb. O, babası evinə qonaq gəlibmiş. *** Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub. Dalğıclar tərəfindən 2017-ci il təvəllüdlü Həsənov Ramil Rövşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Göldə batan digər azyaşlı, 2016-cı il təvəllüdlü Nəsibov Yusif Sərxan oğlunun da meyiti tapılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yunis Quliyev

Şərh verin