Ən mürəkkəb cərrahi əməliyyatı uğurla başa çatdırdı — Fotolar

Sarılıq və yüksək hərarət şikayətləri ilə müraciət edən 1959-cu il təvəllüdlü kişi pasiyentdə aparılan müayinələr nəticəsində pankreas və öd yolları nahiyəsində patoloji lezyon aşkarlanıb. “Qafqazinfo” xəbər verir ki, diaqnoz dəqiqləşdirildikdən sonra Ümumi və bariatrik cərrahiyyə üzrə uzman həkim Ayxan Abbasov tərəfindən pasiyent üzərində hepatopankreatobiliar cərrahiyyənin ən mürəkkəb əməliyyatlarından biri hesab olunan laparoskopik pankreatikoduodenektomiya (“Whipple” əməliyyatı) icra edilib. “Whipple” əməliyyatı mədəaltı vəzin baş hissəsinin, onikibarmaq bağırsağın, öd yollarının və bəzi hallarda mədənin bir hissəsinin çıxarılmasını, daha sonra isə həzm sisteminin yenidən qurulmasını əhatə edən çoxmərhələli və yüksək texniki bacarıq tələb edən cərrahi müdaxilədir. Bu səbəbdən əməliyyat dünya üzrə yalnız ixtisaslaşmış mərkəzlərdə həyata keçirilir və ümumi cərrahiyyənin ən mürəkkəb prosedurlarından biri hesab olunur. Pasiyentdə əməliyyat ənənəvi açıq üsulla deyil, laparoskopik (qapalı) üsulla icra edilib. Laparoskopik “Whipple” əməliyyatı texniki baxımdan açıq əməliyyatdan daha çətin hesab olunur və yüksək təcrübə tələb edir. Bu üsulun əsas üstünlükləri daha az əməliyyat travması, daha az ağrı, qan itkisinin azalması, erkən hərəkətlənmə, daha sürətli bərpa prosesi və gündəlik həyata daha tez qayıtmaq imkanı yaratmasıdır. Əməliyyat uğurla başa çatdırılıb, əməliyyatdan sonrakı dövr stabil keçib və pasiyent qənaətbəxş vəziyyətdə evə buraxılıb. Əməliyyatdan sonrakı patoloji müayinənin nəticələrinə əsasən xəstəliyin erkən mərhələdə olduğu müəyyən edilib. Bu səbəbdən pasiyent həkim-onkoloq Anar Məmmədov tərəfindən qiymətləndirilib və müasir onkoloji protokollara uyğun olaraq adjuvant kapesitabin müalicəsinə başlanılıb. Mütəxəssislər vurğulayırlar ki, pankreas və öd yolları nahiyəsinin xəstəliklərində erkən diaqnoz, düzgün xəstə seçimi və müasir cərrahi yanaşmalar müalicənin uğurunda əsas rol oynayan amillərdir.