Bu gün Azərbaycanda “Son zəng”dir

İyunun 13-də Azərbaycanın bütün ümumi təhsil müəssisələrində bənzərsiz bir həyəcan və bayram ab-havası yaşanır. Milli.Az Trend -ə istinadən bildirir ki,  Ölkə miqyasında səslənən "Son zəng" yüz minlərlə gənc üçün sadəcə növbəti bir dərs ilinin bitməsini deyil, qayğısız məktəb illərinin başa çatmasını və müstəqil həyatın astanasında tamamilə yeni bir səhifənin açılmasını simvolizə edir. Sevinclə kədərin, unudulmaz uşaqlıq xatirələri ilə gələcək ümidlərin qovuşduğu bu əlamətdar gün hər bir məzunun yaddaşında ömürlük iz buraxır. Cari tədris ilində ölkənin təhsil sistemində böyük canlanma və irimiqyaslı göstəricilər qeydə alınıb. Bu il respublika üzrə ümumilikdə 116 min 550 nəfər XI sinfi bitirərək məzun adını qazanır. Onların da 55 min 954 nəfərini qızlar, 60 min 596 nəfərini isə oğlanlar təşkil edir. Eyni zamanda, 131 min 407 şagird birinci sinfi uğurla başa vuraraq ibtidai təhsilin ilk pilləsini tamamlayır. Gələcəyin böyük şagird ordusunun təməli isə məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmuş 107 min 529 azyaşlı ilə qoyulub. Ümumilikdə, geridə qoyduğumuz tədris ilində ölkənin 4 min 194 ümumtəhsil məktəbində 1 milyon 678 min 621 nəfər şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 132 min 178 fədakar müəllim məşğul olub. Paytaxt Bakıda da göstəricilər olduqca diqqətçəkəndir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 410 məktəbdə ümumilikdə 530 min 988 şagird elmin sirlərinə yiyələnib. Onlara 32 min 52 müəllim rəhbərlik edib. Paytaxt məktəblərində bu il 41 min 941 nəfər birinci sinfi, 50 min 219 nəfər IX sinfi, 37 min 222 nəfər isə XI sinfi bitirir. Əyani-qiyabi tam orta məktəb və qiyabi siniflər üzrə XII sinfi başa vuran 78 nəfər şagird də bu gün məzunlar sırasındadır. Uğurlu təhsil strategiyasının davamı olaraq, növbəti tədris ili üçün paytaxt üzrə məktəbəhazırlıq qruplarına artıq 21 min 384 uşaq cəlb edilib. Builki "Son zəng" tədbirlərinin ən qürurverici və emosional məqamları işğaldan azad edilmiş tarixi torpaqlarımızda yaşanır. Böyük Qayıdış proqramı çərçivəsində bərpa olunan və yenidən qurulan 25 ümumi təhsil müəssisəsi doğma yurdumuzda fəaliyyətini uğurla davam etdirir. Bu məktəblərin 11-də uzun illərdən sonra ilk dəfə olaraq doğma torpağın havası altında "Son zəng"sədaları ucalır. Tarixi zəfərimizin ardınca doğma yurdun siniflərindən boylanan 171 nəfər məzun bu gün məktəblə vidalaşaraq Azərbaycanın parlaq gələcəyinə doğru ilk müstəqil addımlarını atır. Bu tarixi hadisə təkcə bir təhsil uğuru deyil, həm də dövlətimizin qüdrətinin və dirçəlişinin bütün dünyaya növbəti nümayişidir. "Son zəng" ənənəsinin kökləri XX əsrin əvvəllərinə, keçmiş SSRİ məkanına gedib çıxır. Həmin dövrlərdə dərs ilinin yekunu sadə rəsmiyyətlə qeyd olunsa da, 1940-1950-ci illərdən etibarən bu tədbir xüsusi simvolik məna qazanmağa başladı. İlk dəfə rəmzi zəngin səslənməsi şagirdlərin uşaqlıqla vidalaşaraq böyük həyata addım atmasının təntənəli ifadəsinə çevrildi. "Son zəng" tədbirləri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində təşkil edilir. Həyətyanı sahəsi olmayan məktəblərdə isə tədbir idman və ya akt zallarında keçirilir. Tədbirdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri də iştirak edirlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri və Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki məktəb rəhbərlərinə "Son zəng" tədbirləri zamanı şagirdlərin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb. Bu məqsədlə məktəb ərazilərində mühafizə gücləndirilib, müvafiq orqanlarla birgə təhlükəsizlik tədbirləri həyata keçirilib.