Saxlanılan gömrükçülərin üçü buraxıldı — Rəis müavini həbs edildi
İyunun 11-də Baş Prokurorluğun İstintaq İdarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatla bağlı yeni detallar məlum olub. “Qafqazinfo” “Bakupost”a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılan 4 gömrük əməkdaşından 3-ü sonradan sərbəst buraxılıb. Məlumata əsasən, saxlanılan şəxslərdən biri - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin növbə rəisi müavini İsmayıl Əliyev barəsində isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, iyunun 11-də Baş Prokurorluğun İstintaq İdarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirdiyi, əməliyyat zamanı 4 əməkdaşın saxlanıldığı barədə məlumat yayılmışdı. Həmin şəxslərdən ikisinin qadın əməkdaş olduğu bildirilirdi. Faktla bağlı araşdırmalar davam edir.

Şərh verin