“Heydər Əliyevin qayıdışı dövlətçiliyin xilası oldu”
“Artıq 33 ildir ki, ölkəmizdə hər il 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü böyük ruh yüksəkliyi ilə qeyd olunur”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Qurtuluş Günü ilə əlaqədar verdiyi açıqlamada millət vəkili Göydəniz Qəhrəmanov deyib. Onun sözlərinə görə, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi ikinci dəfə öz üzərinə götürməsi xalqın və dövlətin müqəddəratını həll edəcək tarixi zərurət idi: “Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, ölkənin hərtərəfli inkişafının əsasını qoydu. Həmin dövrdə həyata keçirilən ardıcıl islahatlar nəticəsində iqtisadi tənəzzülün qarşısı alındı, bazar iqtisadiyyatına keçid sürətləndirildi, sahibkarlığın inkişafı üçün əlverişli mühit yaradıldı və xarici investisiyaların cəlb edilməsinə imkan verən hüquqi baza formalaşdırıldı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi yüksəliş strategiyasını gücləndirdi. Eyni zamanda, ordu quruculuğu sahəsində mühüm addımlar atılaraq nizami və peşəkar Silahlı Qüvvələrin formalaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirildi. Təhlükəsizlik sahəsində isə dövlət institutları gücləndirildi, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, ictimai-siyasi sabitlik təmin olundu və hüquq-mühafizə orqanlarının fəaliyyəti təkmilləşdirildi. Bütün bunlar Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə, daxili sabitliyin bərqərar olmasına və gələcək inkişaf üçün etibarlı zəminin yaranmasına xidmət etdi”. Fikirlərini davam etdirən deputat daha sonra qeyd edib ki, Ulu Öndərin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyasının və siyasi kursunun bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi möhtəşəm tarixi nailiyyətlərin əldə olunmasını şərtləndirən əsas amillərdən biridir: “1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Lakin bir tərəfdən respublikada formalaşmış separatçılıq meyilləri və bu zəmində yetişməkdə olan vətəndaş qarşıdurması, digər tərəfdən də erməni işğalı Azərbaycanda dövlətçiliyin itirilməsi təhlükəsini bir reallıq olaraq ortaya çıxarmışdı. Belə bir təhlükəli və mürəkkəb məqamda Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi təkidlə hakimiyyətə çağırdı. Heydər Əliyev xalqın israrlı dəvətini qəbul etdi və 1993-cü il iyunun 15-də isə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin gün ölkəmizin siyasi tarixində yeni bir mərhələnin başlanğıcı oldu”. “Bu gün artıq uzun illərdir ki, Azərbaycan Cənubi Qafqaz regionunun tək lider dövlətidir. Cənab Prezident İlham Əliyevin son dərəcə uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmiz hazırda Avrasiya məkanında həyata keçirilən irimiqyaslı beynəlxalq enerji və logistik layihələrin vacib və zəruri iştirakçısı olmaqla Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayır. Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb transmilli nəqliyyat dəhlizlərinin mühüm tranzit məntəqəsidir. Ən əsası da bu gün dünyada Azərbaycan öz torpaqlarını işğaldan azad etmiş, ərazi bütövlüyün və tam suverenliyini bərpa etmiş qalib ölkə olaraq tanınır”, – deyə millət vəkili fikirlərini başa çatdırıb.

Şərh verin