Mətbəx çanağına tökdüyünüz mayelər boruları məhv edir

Mətbəx çanağına nə gəldi tökmək vərdişi, əslində, ev büdcəmizə və kanalizasiya sisteminə gizli bir zərbədir. Çoxumuz stəkanın dibində qalan südü və ya xarab olmuş süd qutusunu düşünmədən çanağa boşaldırıq. "Axı mayedir, su ilə birlikdə axıb gedər" deyə düşünürüksə, çox yanılırıq. Milli.Az xəbər verir ki, mütəxəssislər bildirir ki, boruların ömrünü ən sürətlə sıradan çıxaran maddələrin başında süd gəlir. Süd maye kimi görünsə də, tərkibindəki yüksək yağ və proteinlər borulardakı soyuq hava ilə qarşılaşan kimi "xarakter dəyişir". O, boruların iç divarlarına yapışaraq zamanla daşlaşır və "yağ dağları" kimi tanınan tıxaclar yaradır. Üstəlik, mətbəxdən gələn o ağır, turş qoxunun əsas səbəbi də borularda çürüyən həmin gizli yağ təbəqələridir. Tək günahkar süd deyil! Mətbəxdəki təhlükələr bununla bitmir: Qəhvə çöküntüsü: "Bol su ilə yuyuram" desəniz də, çöküntü suda ərimir və boruların əyilən hissələrində sement kimi bərkiyir. Qatıq, şorba və hazır souslar: Bu qida qalıqları da boruların daha irəli nöqtələrində toplanaraq tıxanmalara səbəb olur. Qızartma yağları və ət suları: Bunlar boruda anidən donaraq sistemin axınını tamamilə kəsir. Nə etməli? "Tıxanıb" deyə xlor tökməyin! Mütəxəssislər xəbərdarlıq edir ki, tıxanan çanağa qaynar su və ya xlor tökmək problemi həll etmir, əksinə, yağı anlıq əridib borunun daha dərinliyinə aparır və problemi sadəcə "təxirə salır". Həll yolları: Tarixi keçmiş və ya artıq qalan südü sulandıraraq dibçək bitkilərinə və ya bağçanıza tökün. Süd bitkilər üçün əla kalsium mənbəyidir. Qab-qacaqdakı yağlı qalıqları yumağa başlamazdan əvvəl bir parça kağız dəsmal ilə silib zibil qutusuna atın. İstifadə olunmuş yağları çanağa tökmək əvəzinə, boş bir qaba yığıb tullantı kimi atın. Bu sadə addımlar sizi həm gözlənilməz və baha başa gələn tesisat təmirindən xilas edəcək, həm də ətraf mühiti, xüsusilə də su hövzələrini qorumuş olacaqsınız. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)