ABŞ - İran görüşü yenidən təxirə salındı

Ağ Ev İranla planlaşdırılan texniki danışıqlara hazırlıqların aparıldığını, lakin vitse-prezident JD Vensin İsveçrəyə səfərinin təxirə salındığını açıqlayıb. Milli.Az xəbər verir ki, İsveçrə Xarici İşlər Nazirliyi də bu gün ABŞ və İran arasında heç bir danışıqların keçirilməyəcəyini açıqlayıb. Tərəflərin nüvə proqramı, zənginləşdirilmiş uran ehtiyatları və yoxlama mexanizmləri ilə bağlı texniki detalları müzakirə etmələri gözlənilsə də, danışıqlar üçün yeni tarix hələ müəyyən edilməyib. Bəyanatda ABŞ nümayəndə heyətinin ilk fürsətdə danışıqlar üçün səyahət etməyə hazır olduğu vurğulansa da, əlavə edilib ki, "Lakin bu danışıqların logistikası heç vaxt sadə və ya proqnozlaşdırıla bilən olmayıb". Danışıqların xüsusilə yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının ləğvi, monitorinq mexanizmlərinin yaradılması və nüvə fəaliyyətlərinin gələcəyi ilə bağlı texniki detallara yönəlməsi gözlənilir. Tərəflər arasında davam edən diplomatik əlaqələrə baxmayaraq, texniki müzakirələrin başlama tarixi ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)