Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşdü — Fotolar

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bu gün Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Zaqatala, Balakən və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. “Qafqazinfo” xəbər verir ki, qəbuldan öncə sədr Zaur Mikayılov və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, sel və daşqınlara qarşı mübarizə tədbirləri, içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, subartezian quyularının təmiri, bərpası, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.