İçərişəhərdə El Calor en Baku Beynəlxalq Tanqo Festivalı və Argentina Mədəniyyəti Həftəsinin möhtəşəm açılışı keçirilib - FOTO
Bakıda Argentina Bayrağı Gününə həsr olunmuş El Calor en Baku - Azerbaijan Tango Festival beynəlxalq tanqo festivalının təntənəli açılış mərasimi keçirilib. Bakı tamaşaçıları Argentina tanqosunun valehedici dünyasına qərq olmaq, dünya şöhrətli ustaların canlı çıxışlarını izləmək və parlaq ifada təqdim olunan ekspressiv, sehrli musiqidən zövq almaq imkanı əldə ediblər. Möhtəşəm axşam əsl rəqs sənəti bayramına çevrilib. İçərişəhərin girişində - Qoşa Qala qapıları önündə rəqs meydançası və ağ oturacaqlar quraşdırılmışdı. Parlaq geyimlər və insanların üzündəki təbəssümlər tədbirə xüsusi ovqat qataraq qonaqları ehtiraslı və hiss dolu Argentina tanqosunun gözləntisinə kökləmişdi. Paytaxt sakinləri və qonaqları, eləcə də tanqonun sadiq sevərləri bu coşğunu bölüşmək və rəngarəng proqramdan zövq almaq üçün bir araya gəliblər. Tədbirin fəxri qonaqları arasında dövlət və ictimai xadimlər, diplomatik nümayəndəliklərin rəhbərləri, tanınmış mədəniyyət nümayəndələri və rəqs ictimaiyyətinin üzvləri iştirak ediblər. Argentinanın Azərbaycandakı səfiri Mariantxeles Belluşi çıxışında bildirib ki, festival onun ölkəsinin zəngin mədəniyyəti və Buenos-Ayres ilə Montevideonun küçələrində yaranaraq bütün dünyanı fəth etmiş tanqo sənəti ilə daha yaxından tanış olmaq üçün gözəl fürsətdir. Diplomat qeyd edib ki, musiqi və rəqs insanların qəlbinə ən qısa yolu tapır və bu kimi layihələr ölkələrimiz arasında dostluğu daha da gücləndirir. O, festivalın açılışının Argentina Bayrağı Gününə təsadüf etməsinin xüsusi rəmzi məna daşıdığını vurğulayıb. Azərbaycan Rəqs Şurasının (AzDC) prezidenti, Xalq artisti Təranə Muradova ümid etdiyini bildirib ki, bu parlaq rəqs bayramı yalnız bir mövsümlə məhdudlaşmayacaq və Bakının gözəl ənənələrindən birinə çevriləcək. Qeyd olunub ki, AzDC fəaliyyətinin beş illiyini qeyd edir və ilk dəfə olaraq Azərbaycanda tanqo festivalı təşkil edir. Layihənin hazırlanmasında prodüser və beynəlxalq layihələr üzrə kurator Artur Ostrolutski , AzDC-nin təsisçisi, altıqat dünya çempionu Eldar Cəfərov , prodüser və beynəlxalq dərəcəli hakim Valentin Reşetnikov böyük əmək sərf ediblər. AzDC-nin təsisçisi, altıqat dünya çempionu Eldar Cəfərov tanqonu insanlar arasındakı sərhədləri aradan qaldıran universal dil adlandırıb və festivalı paytaxtın mədəni həyatında yeni parlaq səhifə kimi qiymətləndirib. O bildirib ki, layihə Argentina mədəniyyəti, musiqisi və rəqsinə maraq göstərənlər üçün platforma olacaq, eyni zamanda beynəlxalq təcrübə mübadiləsi yolu ilə Azərbaycanda rəqs mədəniyyəti və idmanının inkişafına töhfə verəcək. Beynəlxalq MetropoliTango şəbəkəsinin rəhbəri Barbara Çiçero bildirib ki, tanqo insanlara sözsüz bir-birini anlamağı öyrədir və burada ən vacib element qucaqlaşmadır - müasir dünyanın ən çox ehtiyac duyduğu hisslərdən biri. Onun sözlərinə görə, Bakının dünya tanqo xəritəsində yeni mühüm mərkəzə çevrilmək üçün bütün imkanları var. Prodüser və beynəlxalq dərəcəli hakim Valentin Reşetnikov isə vurğulayıb ki, Bakı beynəlxalq tanqo təqvimində daimi yer tuta bilər. O qeyd edib ki, Metropolitango dünya seriyasının Bakı mərhələsi iştirakçılar üçün iki həftə sonra İtaliyada keçiriləcək Dünya Kubokunun finalına vəsiqə qazanmaq üçün son imkandır. Rəsmi hissədən sonra səhnəyə nağaraçılar ansamblı çıxıb. Milli geyimlərdə çıxış edən kollektiv güclü ritmi və rəngarəng milli rəqs elementləri ilə tamaşaçıların böyük rəğbətini qazanıb. Daha sonra İçərişəhərin improvizə olunmuş səhnəsində tanqo öz sehrini nümayiş etdirib. Parlaq geyimlər, axıcı hərəkətlər və rəqqasların peşəkarlığı tamaşaçılarda unudulmaz təəssüratlar yaradıb. Yanina Kinyones və Neri Piliu , Maksim Gerasimov və Ornella Simonetto , Utku Kuley və İris Doğdu Kuley , həmçinin Azərbaycan tanqo məktəblərinin nümayəndələri səhnədə ehtiras və sevgi dolu atmosfer yaradıblar. Musiqi proqramı dünyanın ən yaxşı tanqo orkestr kollektivlərindən biri sayılan Solo Tango Orquesta tərəfindən təqdim olunub. Binanın damında yerləşdirilən orkestr və xüsusi işıqlandırma performansa fərqli atmosfer bəxş edib. Astor Pyatsollanın məşhur "Libertango" əsəri tamaşaçıları heyran edib. Axşamın finalında bütün cütlüklər səhnəyə çıxaraq əfsanəvi "La Cumparsita" musiqisinin sədaları altında çıxış ediblər. Tamaşaçılar isə onları sürəkli alqışlar və "Bravo!" nidaları ilə qarşılayıblar. Qeyd edək ki, 19-24 iyun tarixlərində ilk dəfə olaraq İçərişəhərdə El Calor en Baku - Azerbaijan Tango Festival keçirilir. Layihə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Argentinanın Azərbaycandakı səfirliyi, Azərbaycan Rəqs Şurası (AzDC), beynəlxalq tanqo ictimaiyyəti və yerli tərəfdaşların dəstəyi ilə həyata keçirilir. Festival çərçivəsində küçə milonqaları, qastronomik tədbirlər, konsertlər, ustad dərsləri, Metropolitango beynəlxalq çempionatı, film nümayişləri və digər proqramlar təşkil olunur. Layihə və festival proqramı haqqında ətraflı məlumat rəsmi saytda mövcuddur: https://aztangofest.com/az Festivalın Instagram səhifəsi: https://www.instagram.com/aztangofest?igsh=ZWwxaHdrbWhyN3hy Tədbir 24 iyun tarixində Bakı Musiqi Akademiyasının Opera studiyasında dünya tanqosunun simvollarından biri olan Karlos Qardelin xatirəsinə həsr olunmuş xüsusi konsertlə yekunlaşacaq. Biletləri onlayn əldə etmək mümkündür: https://iticket.az/events/concerts/la-argenta-ensamble-the-great-argentine-tango-evening-in-baku İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.

Şərh verin