Məktəblilərin Respublika İdman Olimpiadasında yarışlar davam edir — Fotolar

Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında (MRİO) yarışlar davam edir. “Qafqazinfo” xəbər verir ki, məktəblilər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi və istedadlı idmançıların üzə çıxarılması məqsədi daşıyan olimpiada çərçivəsində ilk yarış günündə taekvondo, sərbəst güləş, ağırlıqqaldırma, badminton, atletika, velosiped, stolüstü tennis və basketbol üzrə yarışlar keçirilib. Taekvondo yarışlarında 14 idman məktəbini təmsil edən 128 idmançı 19 çəki dərəcəsində mübarizə aparıb. Sərbəst güləş üzrə yarışlarda isə müxtəlif şəhər və rayonlardan 168 idmançı iştirak edib. Ağırlıqqaldırma yarışlarında 44 kq çəki dərəcəsində idmançılar mübarizə aparıb və ilk nəticələr müəyyənləşib. Badminton yarışlarında 7 idman məktəbini təmsil edən 129 idmançı şəxsi, qoşa və qarışıq qoşa kateqoriyalarında mübarizə aparıb. Atletika üzrə yarışlarda məktəblilər qaçış, estafet, uzunluğa tullanma və topatma növlərində öz bacarıqlarını nümayiş etdiriblər. Velosiped idmanı üzrə yarışlar Bakı Veloparkında dağ velosipedləri ilə 13 km məsafədə keçirilib və iştirakçılar fərdi nəticələr uğrunda mübarizə aparıblar. Stolüstü tennis üzrə yarışlar “Şüa” İdman-Sağlamlıq Mərkəzində start götürüb və iştirakçılar şəxsi, qoşa və qarışıq qoşa kateqoriyalarında çıxış ediblər. Basketbol yarışları isə Bakı İdman Sarayında 2013–2014-cü il təvəllüdlü məktəblilər arasında olimpiya və dairəvi sistem üzrə təşkil olunub. Yarışların sonunda bütün idman növləri üzrə qaliblər medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunublar. Qeyd edək ki, Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar 26 iyun tarixinədək davam edəcək.