“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı Bakıda uğurla başa çatdı - FOTO

Bakıda "Xəzərin dalğaları 2026" (Caspian Waves 2026) Beynəlxalq Akvarel Festivalı keçirilib və zəngin proqramla yadda qalıb. Festivalın əsas məqsədi akvarel sənətinin inkişafı, beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsi və rəssamlar arasında yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsi olub. Festival Xətai Sənət Mərkəzində təntənəli açılış mərasimi ilə başlayıb. Qonaqların qarşılanması, musiqi proqramı və yerli, eləcə də xarici rəssamların canlı rəsm performansları tədbirə xüsusi rəng qatıb. Müxtəlif ölkələrdən gələn rəssamlar bir məkanda çalışaraq akvarel sənətinin birləşdirici gücünü nümayiş etdiriblər. Günün ikinci yarısında Azərbaycan Milli İncəsənət Muzeyində beynəlxalq sərginin açılışı olub. Sərgidə dünyanın 30 ölkəsindən 80-dən çox rəssamın 165 akvarel əsəri nümayiş etdirilib. Tədbirdə festivalın kuratoru və Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəsi Səbinə İskəndər, Beynəlxalq Suluboya Cəmiyyətinin prezidenti Atanur Doğan, Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abhay Kumar, Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək festivalın əhəmiyyətini vurğulayıblar. Festivalın ikinci günü Quba bölgəsinə incəsənət səfəri və beynəlxalq plenerlə davam edib. Yerli və xarici rəssamlar təbiət motivlərini birbaşa məkanda işləyərək yeni əsərlər yaradıblar. Üçüncü gün isə festival Bakının tarixi mərkəzi - İçərişəhərdə açıq hava plenerləri ilə başlayıb. Rəssamlar qədim küçələr və memarlıq abidələri arasında işləyərək şəhərin tarixi atmosferini akvarel əsərlərində əks etdiriblər. Günün sonunda Xəzər Media Mərkəzində festivalın bağlanış mərasimi və yekun sərgisi keçirilib. Tədbiri Xəzər TV-nin nümayəndəsi Xədicə Həmidli açaraq qonaqları salamlayıb. Festivalın kuratoru Səbinə İskəndər, Atanur Doğan, Zahid Əvəzov və digər qonaqlar çıxış edərək yüksək təşkilatçılıq səviyyəsini və beynəlxalq əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd ediblər. Bağlanışın keçirilməsinə göstərdiyi dəstəyə görə Xəzər TV-nin direktoru Murad Dadaşova təşəkkür bildirilib. Sonda iştirakçılar xatirə fotosu çəkdirib, festivalın üç günlük proqramını əks etdirən video nümayiş olunub. Qeyd edək ki, festivalda Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Çin, Hindistan, Ukrayna və Rusiyadan ümumilikdə 13 xarici qonaq iştirak edib. "Caspian Waves 2026" festivalı Bakını üç gün ərzində beynəlxalq akvarel sənətinin mühüm mərkəzlərindən birinə çevirərək uğurla başa çatıb. İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az