“Əvvəllər özəl sektor cəlb edirdi, indi dövlət aparatında qalıb karyera qururlar”

23 iyun - Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günüdür. Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, 20 ildir ki, hər ilin bu günü peşə bayramı kimi qeyd edilir. “Qafqazinfo” xəbər verir ki, dövlət qulluğu siyasətinin əsas məqsədi ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasından, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsindən, habelə vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsindən ibarətdir. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması müstəqillik qazandığımız dövrdən başlanıb. 2000-ci ildə qəbul olunan “Dövlət qulluğu haqqında” Qanun isə bu sahədə kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının cəmiyyətdəki yerini, onların hüquq və vəzifələrini müəyyənləşdirib. Qanunların işlədiyi demokratik cəmiyyətin formalaşması ölkənin idarəetmə orqanlarında işin düzgün təşkilindən, bu orqanlarda çalışan dövlət qulluqçularının peşə hazırlığından, bacarıq və məsuliyyətindən çox asılıdır. Bu baxımdan “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan ötən dövr ərzində dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılıb, həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanda müasir dövlət qulluğu sistemi formalaşıb, dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramovun sözlərinə görə, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qarşısında duran ən mühüm tarixi vəzifələrdən biri demokratik, dünyəvi və hüquqi dövlət modelinin formalaşdırılması idi. Ötən onilliklər ərzində ölkədə həyata keçirilən köklü idarəetmə islahatları, dövlət təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması bu hədəfə doğru atılan strateji addımların əsasını təşkil edir. Millət vəkili hesab edir ki, hüququn aliliyinin təmin olunması, dövlət orqanlarının strukturunun optimallaşdırılması və vəzifə funksiyalarının dəqiqləşdirilməsi idarəetmə mexanizmini daha çevik və səmərəli edib. Bu institusional təkamül prosesi ölkənin həm daxili sabitliyini, həm də qlobal məkanda layiqli mövqeyini möhkəmləndirən ən mühüm amildir: “Ulu öndərin təməlini qoyduğu müasir dövlət qulluğu sistemi bu gün ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların hərəkətverici qüvvəsinə çevrilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlət qulluqçusunun əsas missiyası xalqa, vətəndaşa vicdanla xidmət etməkdir. Dövlət başçısının 25 may 2006-cı il tarixli Sərəncamı ilə 23 iyun tarixinin “Azərbaycan Respublikası Dövlət Qulluqçularının Peşə Bayramı Günü” elan edilməsi bu şərəfli və məsuliyyətli peşə sahiblərinə dövlət səviyyəsində verilən ali qiymətin təzahürüdür. Cəmiyyətdə sosial ədalətin təmin olunması, iqtisadiyyatın rəqabətqabiliyyətli inkişafı və hüquqi dövlət prinsiplərinin qətiyyətlə qorunması birbaşa dövlət qulluqçularının peşəkarlığından, yüksək məsuliyyətindən və qərəzsizliyindən asılıdır. Yeni dövrün tələblərinə uyğun olaraq formalalaşan müasir Azərbaycanın dövlət məmuru korpusu yüksək intellektual hazırlığı, dövlət maraqlarına sadiqliyi və qanunun aliliyinə ehtiramı ilə seçilir”. K.Bayramovun sözlərinə görə, dövlət qulluğunun təkmilləşdirilməsi istiqamətində atılan ardıcıl addımlar, qanunvericilik bazasının gücləndirilməsi və kadr potensialının meritokratiya (layiq olanların seçilməsi) prinsipi əsasında formalaşdırılması Azərbaycan dövlətinin gücünü və milli inkişaf modelinin səmərəliliyini daha da artırır: “Bu peşəkar institut dövlətlə xalq arasındakı sarsılmaz birliyin möhkəmlənməsinə, ölkəmizin tərəqqisinə və beynəlxalq arenada qazandığı uğurların davamlılığına ən böyük zəmanətdir. Ölkəmizdə hər bir sahədə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar düşünülmüş şəkildə, elmi əsaslara söykənərək və müəyyənləşdirilmiş xüsusi proqramlara uyğun olaraq planlı surətdə aparılır. Bu baxımdan, Prezident İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını xüsusi qeyd etmək lazımdır. Bu mükəmməl fəaliyyət planı əsasında müvafiq dövlət qurumları tərəfindən idarəetmə strukturunun optimallaşdırılması və mütərəqqi mexanizmlərin qurulması istiqamətində fundamental addımlar atılıb. Plan çərçivəsində dövlət orqanlarının kateqoriya və iyerarxiyasının müəyyənləşdirilməsi, bu orqanların struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları və vəzifə adları rəsmiləşdirilib”. Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dərinləşən inzibati islahatlar və şəffaf motivasiya alətləri, bütövlükdə dövlət orqanlarında bürokratik əngəllərin aradan qaldırılmasına və korrupsiyaya qarşı preventiv mübarizənin səmərəliliyinə xidmət edir: “Nəticədə, Ulu Öndərin dövlətçilik prinsiplərindən qaynaqlanan yüksək mənəvi-psixoloji mühit və dövlət başçısının təsdiqlədiyi yeni sosial-iqtisadi təminat mexanizmləri cəmiyyətdə sosial ədalətin, dayanıqlı iqtisadi tərəqqinin və hüquqi dövlət prinsiplərinin qətiyyətlə qorunmasını şərtləndirən peşəkar dövlət qulluğu institutunun tam funksionallığını təmin edir. “Dövlət qulluğu haqqında” qanunda və müvafiq qanunvericilik aktlarında nəzərdə tutulan son dəyişikliklər ölkənin idarəetmə sistemində mühüm iqtisadi və struktur islahatlarının başlandığını göstərir. Bu dəyişikliklərin əsas qayəsini dağınıq ödəniş sistemindən sabit və mərkəzləşdirilmiş modelə keçid təşkil edir. Belə ki, əvvəllər pərakəndə şəkildə ödənilən mükafatlar, staja və hakimiyyət səlahiyyətinə görə əlavələr, eləcə də müalicə müavinətləri ləğv edilərək birbaşa vəzifə maaşının baza hissəsinə inteqrasiya olunur. Bu addım əməkhaqqı sistemində uzunmüddətli maliyyə sabitliyini təmin etməklə yanaşı, hər bir dövlət qulluqçusunun gələcək təminatına dair hüquqi zəmanət yaradır. Dövlətin qəbul etdiyi qanunların, sosial-iqtisadi proqramların və mühüm islahatların kağız üzərindən real həyata köçürülməsi birbaşa dövlət qulluqçularının fəaliyyətindən asılıdır. Əvvəllər özəl sektor yüksək əməkhaqqı və cəlbedici bonus imkanları ilə savadlı gəncləri daha asan cəlb edirdisə, yeni güzəştlər sistemi peşəkar kadrların dövlət aparatında qalaraq karyera qurmasına təkan verir və “beyin axını”nın qarşısını alır. Eyni zamanda, mükafatlandırmanın fəaliyyətin real nəticəsinə əsasən tənzimlənməsi iş mühitində sağlam rəqabət yaradır. İşinin müqabilində əlavə qiymətləndiriləcəyini bilən məmur vətəndaş müraciətlərinə daha operativ yanaşır və bürokratik əngəlləri minimuma endirir”. K.Bayramov bu islahatların ölkədə vətəndaş məmnunluğunun artmasına, dövlət təsisatlarının nüfuzunun yüksəlməsinə və daha çevik, rəqəmsal idarəetmə metodlarının tətbiqinə gətirib çıxaracağına ümid edir. Onun sözlərinə görə, dövlət qulluqçularının sosial müdafiəsinə yönələn hər bir addım, əslində, dövlət idarəçiliyinin keyfiyyətinə və vətəndaşa göstərilən xidmətin səviyyəsinə qoyulan strateji sərmayədir. Qeyd edək ki, 2025-ci il yanvarın 1-nə açıqlanan statistikaya görə, ölkədə dövlət qulluqçularının sayı 27,4 min nəfər olub. Onların da 30,3 faizini qadınlar təşkil edir. 2024-cü ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 2,0 faiz artaraq 1971,0 manat təşkil edib. Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusu üzrə dərc olunub.