Avropada ölümcül istilər gözlənilir — Xəbərdarlıq edildi
Avropa son illərin ən güclü isti hava dalğalarından biri ilə üz-üzə qalıb. Fransa, İspaniya, İtaliya, Almaniya, İsveçrə, Lüksemburq və bir sıra digər ölkələrdə qırmızı xəbərdarlıq elan edilib, bəzi bölgələrdə havanın temperaturunun 40-44 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. “Qafqazinfo” xəbər verir ki, Fransa Meteorologiya Agentliyi ölkə ərazisinin yarıdan çoxunda ən yüksək – qırmızı təhlükə səviyyəsinin tətbiq edildiyini açıqlayıb. Bordo şəhərində termometrlər artıq 42 dərəcəni göstərib, Parisdə isə yaxın günlərdə temperaturun 41 dərəcəyə çatacağı gözlənilir. İsti hava səbəbindən Fransada 845 məktəb tamamilə bağlanıb, daha 1800 məktəbdə isə dərslər vaxtından əvvəl başa çatdırılıb. Buna baxmayaraq, bir milyondan çox lisey şagirdi buraxılış imtahanlarını verməyə davam edir. İstilik artıq insan tələfatına da səbəb olub. Fransanın Karpentras şəhərində avtomobildə qalan iki və dörd yaşlı iki uşaq həyatını itirib. Jirond bölgəsində isə yaşı 80-95 arasında olan üç nəfərin həddindən artıq istilərin təsirindən öldüyü bildirilib. Hökumət həftəsonu 13 nəfərin suda boğularaq ölməsindən sonra vətəndaşları nəzarətsiz göl və çaylarda sərinlənməməyə çağırıb. İspaniyada Dövlət Meteorologiya Agentliyi bəzi ərazilərdə temperaturun 44 dərəcəyə çatacağını açıqlayıb. Bask bölgəsində qırmızı xəbərdarlıq elan olunub, San-Sebastyanda isə havanın 40 dərəcəyədək isinməsi gözlənilir. İtaliyada Milan, Turin, Venesiya, Bolonya, Florensiya və Roma da daxil olmaqla, 12 şəhərdə qırmızı xəbərdarlıq qüvvədədir. Almaniyada temperaturun 38 dərəcəyə yüksəlməsi fonunda həftəsonu 5 nəfər üzərkən ölüb. Böyük Britaniyanın Meteorologiya Xidməti İngiltərə və Uelsin bəzi bölgələri üçün nadir hallarda tətbiq olunan qırmızı istilik xəbərdarlığı yayıb. Ölkənin bəzi ərazilərində temperaturun 38 dərəcəyə çatacağı proqnozlaşdırılır. Yunanıstanda isə isti hava və güclü küləklər meşə yanğınlarını sürətləndirib. Akraifnio yaxınlığında baş verən yanğın səbəbindən əsas magistral yollardan biri müvəqqəti bağlanıb. Belçikada rekord istilər gözlənildiyindən dəmir yolu şirkəti bəzi pik saat reyslərini ləğv edib. Meteoroloqlar bildirirlər ki, isti hava axını Böyük səhradan gələn kütlələrin Avropa üzərində qalması nəticəsində yaranıb və bu, son illərin ən uzunmüddətli istilik dalğalarından birinə çevrilə bilər. Alimlər isə təkrarlanan və daha intensiv isti dalğalarının qlobal iqlim dəyişikliyinin əsas göstəricilərindən biri olduğunu vurğulayırlar. Bildirilir ki, Fransada 1947-ci ildən bəri qeydə alınan 51 isti hava dalğasının 34-ü 2000-ci ildən, 26-sı isə 2011-ci ildən sonra baş verib.

Şərh verin