Polis bu zavodda maarifləndirici tədbir keçirdi — Foto

ASCO-nun Zığ Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) əməkdaşların hüquqi maarifləndirilməsi məqsədilə görüş keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə ASCO-nun İdarə Heyəti sədrinin müşaviri Elvin Cəfərov, zavod rəhbərliyi, eləcə də Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin rəisi Röyal Hümbətov və Cinayət Axtarış bölməsinin rəisi Zöhrab Mayılov iştirak ediblər. Onlar zavod əməkdaşlarına müxtəlif hüquqi mövzular üzrə təqdimatlar ediblər. Çıxışlarda informasiya təhlükəsizliyi sahəsində mövcud risklər, bank kartları ilə bağlı dələduzluq halları, dəniz nəqliyyatı obyektlərində qeydə alınan oğurluq faktları, həmçinin narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və istifadəsinin hüquqi nəticələri barədə geniş məlumat verilib. Bildirilib ki, su polisi bu kimi tədbirləri daha əvvəl SOCAR, Kənd Təsərrüfati Nazirliyinin Su-Melorasiya İdarəsində və digər qurumlarda da həyata keçirib. İnteraktiv müzakirə şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, hüquqi maarifləndirmənin əhəmiyyəti və təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyi diqqətə çatdırılıb.