Dövlət qulluqçularının peşə bayramı Yasamalda da qeyd olundu — Fotolar
Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və rayon icra hakimiyyətinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. “Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli Liderin büstü önünə gül dəstəsi düzülərək onun dövlətçilik irsinə və siyasi fəaliyyətinə dərin hörmət ifadə olunub. Elşad Həsənov kollektiv qarşısında çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, dövlət qulluğunun ölkənin inkişafında mühüm rol oynadığını vurğulayaraq, dövlət qulluqçularının üzərinə düşən vəzifələrin məsuliyyətindən danışıb. Elşad Həsənov çıxışında Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyində operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsinə xüsusi önəm verildiyini qeyd edib. Bildirilib ki, dövlət qulluqçuları vətəndaşlarla ünsiyyətdə yüksək etik davranış qaydalarına riayət etməli, müraciətlərə həssas yanaşmalı və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində səylərini davam etdirməlidirlər. Sonda kollektivə qarşıdakı dövrdə həyata keçiriləcək vəzifə və hədəflər barədə məlumat verilib, dövlət qulluğunun nüfuzunun yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində fəaliyyətin davam etdiriləcəyinə əminlik ifadə olunub.Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup əməkdaşa təltiflər təqdim edilib.

Şərh verin